Oleq Belozerov: Gürcüstan-Abxaziya münaqişəsi Tiflisin maraqları çərçivəsində həllini tapmasa, kommersiya baxımından heç bir layihə reallaşmayacaq.
AranNews-un məlumatına görə, Bu barədə Rusiya Dəmir Yolları ASC-nin prezidenti Oleq Belozerovun İrəvana səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu layihəsi ilə bağlı yenidən hərəkətə keçdiyini bildirib:
“Bu məsələ ilk dəfə açıq şəkildə 2008-ci ildən sonra daha çox gündəmə gətirildi. Belə ki, Gürcüstanda yeni siyasi rəhbərliyin hakimiyyətə gəlməsi və Moskva ilə münasibətlərin yaxşılaşdırılması siyasəti fonunda bu təkliflər daha da qabardı. Ancaq sözügedən layihə təklif olaraq qalır, çünki real siyasi zəmin yoxdur. Vəziyyəti mürəkkəbləşdirən Rusiya ilə qondarma Abxaziya arasında ötən il imzalanan müttəfiqlik sazişi oldu. Bu, onsuz da pis vəziyyətdə olan Gürcüstan-Rusiya münasibətlərinə daha böyük zərbə vurdu. Gürcüstan rəsmiləri bəyan ediblər ki, əgər müəyyən zəmin yaranmasa, Moskva-Suxumi-Tiflis-İrəvan və Şimali Qafqaz dəmir yolu xəttini bərpa etmək mümkün olmayacaq.
Siyasi müstəvidə vəziyyət dəyişilməyib. Rusiyanın maraqları bir yandan da Ermənistanın dəmiryolu sisteminin iflic vəziyyətdə olması ilə bağlıdır. Bu məsələ həm də bu bəhanə ilə yenidən gündəmə gətirilir. Ancaq bir məsələ də var ki, Rusiya tərəfi xərc çəkmək istəmir. Çünki Ermənistan dəmiryolunun istismarı gəlir gətirmir. Bunun üçün rabitənin bərpası şərtdir. Görünür, indi məhz buna cəhd göstərirlər. Üstəlik, Gürcüstanın bu layihədə maddi marağını ön plana çəkərək bunu edirlər. Ancaq siyasi müstəvidə hər hansı bir real dəyişiklik olmasa, nəinki bu layihəni, heç bir kommersiya layihəsini həyata keçirmək mümkün olmayacaq”.
Qeyd edək ki, Rusiya Dəmir Yolları ASC-nin prezidenti Oleq Belozerov mayın 26-da İrəvana səfər edib.
Rusiya Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu relsini yenidən bərpa etmək istəyir. Bununla da şimal qonşumuz özünün regiondakı əsas müttəfiqi olan Ermənistanla quru əlaqələrini qurmağa çalışır./Politika.Az/