Ermənistanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesinə dair bir-birinin ardınca iki açıqlama verib.
AranNews, xəbər verir ki, xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakı ilə hansısa sənədin imzalanması ilə bağlı yayılan məlumat həqiqətəuyğun olmadığını deyib.
Nalbandyan qeyd edib ki, prezident İlham Əliyev və Serj Sarkisyanın bu ilin iyununda keçiriləcək görüşündə də hər hansı sənədin imzalanması nəzərdə tutulmur. “Prezidentlərin görüşündə hansısa sənədin imzalanması nəzərdə tutulmur. Hansısa sənəd barədə danışmaq hələ tezdir, imzalanmaq üçün hər hansı sənəd də yoxdur”,- deyə nazir vurğulayıb.
Dünən isə Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan mediaya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında həll variantının gündəmdə qaldığını söyləyib.
Nazaryan rəsmi İrəvanın mövqeyinin bundan ibarət olduğunu diqqətə çatdırıb: “Tərəflər artıq bununla bağlı razılaşıblar. Xarici işlər naziri də bundan əvvəl bəyan etmişdi ki, münaqişə yenilənmiş “Madrid prinsipləri” əsasında həll olunacaq. Razılaşma var, sadəcə həyata keçirilməsi üçün addımlar atılmalıdır. Burada araşdırma mexanizmlərinin qurulması və ATƏT-in Minsk Qrupunun imkanlarının artırılması əsas müzakirə mövzusudur”.
Göründüyü kimi, Ermənistanın rəsmi mövqeyində təzadlı məqamlar müşahidə olunur. Edvard Nalbandyan ortada hər hansı sənədin olmadığını desə də, onun müavini bir gün sonra yenilənmiş “Madrid prinsiplər”inin razılaşdırılmasından danışır. Çünki ortada hər hansı müzakirə sənədinin olmadığı təqdirdə, Azərbaycan və Ermənistan arasında danışıqların aparılması mənasız olardı. Bu isə aprel ayındakı döyüşlərdən sonra Ermənistanın zəifləmiş hərbi və siyasi mövqelərini bərkitmək üçün yenidən vaxt qazanmasına xidmət edə bilər. Ancaq Azərbaycan tərəfinin situasiyanın Ermənistanın xeyrinə dəyişməsinə imkan verəcəyi inandırıcı görünmür. Əks halda, Azərbaycan aprel ayında status-kvonun dəyişməsinə gətirib çıxarmış siyasi üstünlüyü əldən vermiş olar. Bu da öz növbəsində, mövcud status-kvonun saxlanılması deməkdir.
Vəziyyətin belə davam etməsi danışıqlar prosesinin uzunmüddətli olacağını şübhə altına alır. Yəni cəbhə xəttində döyüşlərin yenidən başlanması ehtimalı prezidentlərin iyun ayındakı görüşündən çox asılıdır. İkinci ehtimal isə ortada konkret razılaşdırılmış və hələlik məxfi saxlanılan sənədin olması ilə bağlıdır. Bu baxımdan, Karen Nazaryanın açıqlaması diqqəti cəlb edir. Məlum olur ki, Ermənistan “Yenilənmiş Madrid prinsipləri” sənədinə razılıq verib. Xatırladaq ki, bu həll modeli 2009-cu ildə münaqişə tərəflərinə təklif edilərkən, Azərbaycan buna razılıq versə də Ermənistan qəbul etməmişdi. İndi isə Ermənistanın mövqeyində dəyişiklik müşahidə olunur. Bu baxımdan, Vyana görüşündə tərəflərə “Yenilənmiş Madrid prinsipləri”nə əsaslanan bir “Yol xəritəsi”nin təqdim olunduğunu və hazırda müzakirələrin də həmin sənəd üzərində getdiyini söyləmək olar. Politoloq Natiq Miri hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müzakirəyə çıxarılan təkliflər paketi “Yenilənmiş Madrid prinsipləri” əsasında hazırlanmış və Rusiyanın təşəbbüsü ilə hazırlanmış “Kazan formulu” adlanan bir sənəddir. Lakin ekspert Ermənistanın “Yenilənmiş Madrid prinsipləri”nə razılıq verməsi barədə Karen Nazaryanın fikirlərinin inandırıcı olmadığını deyir: -
“Çünki “Madrid prinsipləri”ni hər iki dövlət qəbul edib. Ancaq həm Azərbaycanın, həm də Ermənistanın qəbul etmədiyi məqam Dağlıq Qarabağın statusunun referendium yolu ilə müəyyənləşdirilməsi ilə bağlıdır.
Çünki ortada üç təklif var. Rəsmi Bakı referendumun Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilməsini təklif edir. Ermənistan referendumun yalnız Qarabağ erməniləri arasında keçirilməsini təklif edir. Üçüncü variant isə ATƏT-in Minsk Qrupunun təklif etdiyi variantdır. Həmin təklifə görə, referendum Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında keçirilməlidir ki, bu da məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra mümkündür. Bu sənədə də nə Azərbaycan, nə də Ermənistan razı deyil.
Çünki Dağlıq Qarabağda yaşayan azərbaycanlı icmasının sayı ermənilərə nisbətdə azdır. Bu da referendumun nəticələrini ermənilərin xeyrinə ortaya qoyur ki, bununla Azərbaycan tərəfi razılaşa bilməz. Ona görə “Madrid prinsipləri”ndə razılaşdırılmamış yeganə məqam məhz referendumun keçirilməsi ilə bağlıdır. Ona görə də Ermənistan tərəfi “Yenilənmiş Madrid prinsipləri”nin necə razılaşdırıldığına, yəni bu sənədi hansı formada qəbul etdiyinə aydınlıq gətirməlidir. Düşünürəm ki, Vyanada razılaşdırılmış məqam status-kvonun dəyişdirilməsi ilə bağlıdır. Bu da münaqişənin mərhələli şəkildə həllini özündə ehtiva edir. Yəni, münaqişənin aradan qaldırılması üçün Azərbaycan torpaqları işğaldan azad olunmalıdır.
Hazırda müzakirə predmeti bu mövzudadır. Ona görə də hansısa bir sənədin müzakrə olunmasını demək çətindir. Amma münaqişənin həllinə yeni yanaşma tərzi mövcuddur. Əgər iyun ayında prezidentləri baş tutacaqsa, bundan sonra danışıqlar prosesinin hansı çərçivədə keçirilməsi ilə bağlı olacaq. Azərbaycanın da hazırda tələb etdiyi məsələ işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunmasıdır. Bunun alternativi yalnız hərbi əməliyyatlardır. Bu savaşı nə Ermənistan, nə də Minsk Qrupu qəbul etmir. Ona görə də hesab edirəm ki, iyun görüşündə hər hansı sənəd imzalanmayacaq.
Həmin danışıqlardan sonra böyük sülh sazişinin imzalanması üzərində müzakirələr gedəcək. Əgər prezidentlər arasında müzakirə predmetnin çərçivələri müəyyənləşəcəksə, bundan sonra böyük sülh sazişinin detallarını özündə əks etdirən sənəd hazırlanacaq. Sadəcə olaraq, erməni tərəfi bunu birmənalı şəkildə açıqlamağa qorxduğu üçün ictimaiyyəti rəyi sakitləşdirən sözlər söyləyirlər”. /Politika.Az/