«Dünya Bankının Kəlbəcər rayonuna avtomobil yolu çəkməsi üçün maliyyə ayırması haqda məlumat həqiqətə uyğundursa, rəsmi Bakı sərt reaksiya verməli və bu layihənin həyata keçirilməsinə mane olmalıdır”.
AranNews-un məlumatına görə, “25 ildir ki, BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasına dair qətnaməsi mövcuddur. Bəs Dünya Bankında bu faktdan xəbərdar deyillərmi? Əgər məlumatlıdırlarsa, o halda Azərbaycanın suverenliyinə hörmətlə yanaşmırlar. Onlar bu addımı bilərəkdən atmayıblarsa, o zaman biz bu təxribatın qarşısını vaxtında ala bilmədiyimizə görə təqsirkarıq”. Bunu məsələni şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Bakı dərhal bu məsələ ilə əlaqədar sərt mövqeyini bildirməli və bu yolun inşasına kredit ayrılmasına mane olmalıdır.
“Dünyada hamıya məlumdur ki, Kəlbəcər Azərbaycanın ərazisidir, Ermənistan tərəfindən işğal olunub və heç bir beynəlxalq struktur, eləcə də Dünya Bankı Bakının icazəsi olmadan həmin regionda hər hansı bir layihəyə bir sent belə ayıra bilməz”,- deyə o əlavə edib. /virtualaz.org/