Sərdar Cəlaloğlu: Qanunvericilikdə elə bir təşəbbüs yoxdur ki, orda məqsəd Azərbaycanda siyasi inkişafın qarşısını almasın, siyasi rəqabət şəraitini daraltmasın.
AranNews, xəbər verir ki, Millət vəkili Siyavuş Novruzov açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib.
Maraqlıdır, sənədin beynəlxalq təşkilatlara verilməsi qanunun tələbidirmi?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu məsələ ilə əlaqədar münasibət bildirib.
Politoloqların sözlərinə görə, bu, Avropa Şurasının tələbidir: “Quruma üzv ölkələrin qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bu baxımdan sənəd baxılması üçün ekspertlərə göndərilibsə, bu, AŞ qarşısındakı öhdəliklə bağlıdır”.
Sərdar bəy əlavə olaraq bildirdi ki, daxili qanunvericilikdə belə bir şərt yoxdur: “Sadəcə, AŞ-nın qarşısında öhdəçiliyimiz var ki, qəbul edilən qanunlara Venesiya Komissiyası rəy verməlidir”.
Politoloqun sözlərinə görə, Azərbaycan iqtidarı ölkədə siyasi mühitin inkişafında maraqlı deyil: “Qanunvericilikdə elə bir təşəbbüs yoxdur ki, orda məqsəd Azərbaycanda siyasi inkişafın qarşısını almasın, siyasi rəqabət şəraitini daraltmasın. Ona görə də iqtidar bir qanunverici təşəbbüslə çıxış edirsə, dərhal düşünürəm ki, Azərbaycanda demokratiya, həmçinin insan hüquq və azadlıqları müəyyən dərəcədə məhdudlaşdırılacaq. Xaricdə nə rəy verilməyinin məsələyə aidiyyəti yoxdur”.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik barədə təkliflər beynəlxalq təşkilatlarda baxıldıqdan sonra Milli Məclisə təqdim ediləcək. Dəyişiklik iki məsələ ilə - siyasi partiyaların maliyyə hesabatları və partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər. /FaktXeber.com/