Arannews- Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə Təbriz şəhərində keçirilən “Qarabağ – İslam torpağı” adlı konfransa yeddi nəfərdən ibarət nümayəndə heyətimizin qatılması və aparılan aktual diskussiya barədə məlumat vermişdik. Heyətə Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, QAT sədri Akif Nağı və jurnalist Qurban Cəbrayıl daxil idilər.
Artıq müzakirələri yekunlaşdırıb Bakıya qayıdan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli səfər təəssüratlarını bizimlə bölüşdü:
“Ən əvvəl mən bu səfərin hüquqi-siyasi aspektini birtərəfə qoyub, mənəvi tərəfini qeyd eləmək istəyirəm. Təyyarə reysinin yoxluğuna görə (bir millət vəkili kimi çalışacağam ki, gələcəkdə Bakı-Təbriz hava yolu bərpa olunsun) avtomobil nəqliyyatından bəhrələnmək məcburiyyətində qaldıq. Bəzən kimsə yolun uzunluğundan şikayətlənəndə dedim ki, nə qədər uzun olsa, bir o qədər yaxşıdır; görün maaşallah, nə boyda vətənimiz var. Sözümün canı odur ki, biz ayrı-ayrı dövlət olsaq da, bir vətənik, vahid xalqıq… Sevinirəm ki, Azərbaycanı sevən, ehtiram bəsləyən, dar ayaqda yanımızda olan çoxsaylı insanlarla, böyük toplumla əhatələnmişik. Problemlərimizin birgə müzakirəsi, çıxış yollarının axtarılması, siyasi, iqtisadi, mədəni, hərbi sahələrdəki əlaqələr, xüsusən öz evimizdə, qədim Azərbaycan şəhəri Təbrizdə “Qarabağ – İslam torpağı” devizi altında konfransın keçirilməsi məndə böyük məmnunluq hissi yaratdı”.
Azərbaycan-İran əlaqələrinin son durumuna toxunan Tahir bəy elə tədbirin gedişindəcə hər iki tərəfin əlaqələrin sıxlaşmasına maraq göstərdiyini bildirdi: “Mən və nümayəndə heyətinin digər üzvləri çıxışlar etdik, təbrizli və ərdəbilli qardaşlarımızla Qarabağ münaqişəsinin çözümünü apardıq, cəbhədəki son vəziyyət, aprel döyüşləri barədə məlumat verdik və insanları inandırmağa çalışdıq ki, vəziyyət nə yerdədir. Deyərdim ki, münasibətlər doğma və isti idi; müzakirələr qarşılıqlı anlaşma və fikir uzlaşması səviyyəsində keçdi. Dövlətlərimiz, ölkələrimiz arasında soyuqluğa, yad baxışlara yol verməməkdən ötrü çalışmağımızın zəruriliyi vurğulandı. Elə Dəyirmi Masada da Azərbaycan prezidenti İlham Əliyevin İranın rabitə və kommunikasiya naziri Mahmud Vaezini “Dostluq” ordeni ilə təltifatını əlaqələrin yaxınlaşmasına dolğun sübut kimi dəyərləndirdim. Eyni zamanda nəhəng iqtisadi layihələr – Şimal-cənub dəhlizinin açılması, nəqliyyat infrastrukturunun inkişafı və digər məsələlər işbirliyinin dərinləşəcəyindən xəbər verir, hətta gələcəkdə daha da irəli gedilərək viza rejiminin aradan qaldırılmasını çox arzulayıram.
Səmimi şəraitdə reallaşan bu səfər zamanı tam şəkildə anladım ki, istər Şərqi Azərbaycan ostandarlığının rəhbərliyi və məmuriyyəti, istərsə də Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ilə ki, görüşdük və dini-ictimai-siyasi elitanın digər təmsilçiləri – hamı ölkəmizin azadlığını istəyir, bizim ağrılarımızı, müşküllərimizi öz dərdləri, acıları sayırlar. Və bu torpaqlarda ölməyi şərəf bilirlər, şəhidlik hesab edirlər. Zatən bütün bunlara əmin idim, amma indi həm də məndə bir yəqinlik əmələ gəldi. Təbriz Universitetinin rektoru Purməhəmmədinin, general Kəbirinin, doktor Mütəfəkkirinin Azərbaycana əsl məhəbbətinin şahidi oldum. Yeri gəlmişkən, yüksək səviyyəli təşəbbüs və təşkilatçılığına görə, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə də öz təşəkkürümü bildirirəm!”
Milli Məclis üzvü belə müzakirələrin gələcəkdə Bakıda və digər məkanlarda təşkilinin mümkünlüyü barədə sualımızı da müsbət qarşıladı:
“Əlbəttə, mümkündür, çox gözəl təşəbbüsdür, niyə də davam etdirilməsin? Lakin bundan ötrü ən əvvəl təşkilati məsələlər öz həllini tapmalıdır. Təbliğat-təşviqat işləri həyata keçirilməlidir, məqsədimiz KİV vasitəsilə o tayda, bu tayda işıqlandırılmalıdır.
Müvafiq şəkildə bizim də üzərimizə yük düşür ki, lazımi hazırlıq işləri görək. Mən Təbriz səfərindən qayıdandan sonra təmsil olunduğum qanunverici hakimiyyətin rəhbərliyinə bu barədə məlumat verdim; keçirdiyimiz görüşlərdən, müzakirələrin mahiyyətindən danışdım. Rəhbərlik də xeyli şad oldu. İnşaallah, gələcəkdə belə görüşlərin, konfransların ölkəmizdə də davamı yaxşı nəticələrə gətirib çıxara bilər”./vetenugrunda.az