İlyas İsmayılov Təbriz Universitetində "İslam Torağı və Qarabağ" mövzusunda elmi konfransın keçirilməsini yüksək qiymətləndirib.
Arannews- Ədalət Partiyasının sədri, Azərbaycanın sabiq baş prokuroru və millət vəkili İlyas İsmayılov İran İslam Respublikasına səfərinin nəticələri barədə söhbət açarkən belə deyib. Qonşu, qardaş ölkəyə Şuşanın işğalının 24-cü ildönümü ilə bağlı konfransda iştirak etmək üçün yola düşdüyünü bildirən hüquq professoru, iki gün ərzində aktual müzakirələrin keçirildiyini, münaqişənin həlli istiqamətində optimal variantın tapılmasından ötrü fikir mübadiləsi aparıldığını vurğuladı: “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü, Təbriz Universitetinin təşkilatçılığı ilə bu təhsil ocağında reallaşan Dəyirmi masanın “Qarabağ – İslam torpağı” adlanmasının özü də böyük mətləblərdən xəbər verirdi. Tədbirə Şərqi Azərbaycan ostandarlığının tarix, siyasət, konfliktologiya mütəxəssisləri, KİV əməkdaşları qatılmışdılar. Biz də yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunurduq. Maraqlı çıxışlar, təkliflər səsləndi. Mən və qrupumuzun digər üzvləri Azərbaycan-Ermənistan münasibətlərindən, hələ sovet dönəmində münaqişə ocağının alovlandırılması cəhdlərindən konkret faktlarla danışdıq, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini, hegemon güclərin bu məsələnin birdəfəlik həllinə maraq göstərmədiklərini nəzərə çatdırdıq.”İlyas müəllim qeyd elədi ki, ev sahibləri Qarabağ savaşı başlanandan Azərbaycanın yanında olduqlarını və bundan sonra da lazımi köməyi göstərəcəklərini qətiyyətlə bildiriblər: “İstər Təbrizdə ünsiyyət qurduğumuz şəxslər, istərsə də Ərdəbildə bizi qəbul edən imam-cümə, tanınmış din alimi Seyid Həsən Amili Azərbaycanda fedən prosesləri diqqətlə izlədiklərini, Qarabağ yarasını öz dərdləri saydıqlarını və bu torpaqlar uğrunda daim döyüşə hazır olduqlarını dönə-dönə anlatdılar.”
“Gələn il Şuşasızlığımızın 25-ci ildönümüdür. Allah eləsin ki, həmin tarixə qədər bütöv Qarabağımıza və düşmən nəzarətindəki digər rayonlarımıza qovuşaq. Əks təqdirdə, Təbrizdə start götürən müzakirələrin Bakıda davam etdirilməsinə böyük ehtiyac yaranacaq” – deyə, vurğulayıb Ədalət Partiyasının sədri.
Bir elmlər doktoru, professor olaraq Təbriz Universitetinin ona doğma gəldiyini, təhsil ocağının divarları arasında özünü xoşbəxt sandığını, tələbələrə hüquq elmindən bir neçə mühazirə oxumaq arzusunu da dilə gətirən İ.İsmayılov, rektor Məhəmmədrza Purməhəmmədi tərəfindən belə bir dəvətin səsləndiyini bildirib./vetenugrunda.az