Tarix : 2016 May 31
Kod 49048

Rövşən Əhmədli iran səfərindən danişdı

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli,...
Arannews- İranda səfərdə olan Azərbaycan nümayəndə heyətilə görüşən Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili, bunu bir müsəlman kimi özünə borc bildiyini söylədi.
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, dəyərli xütbələrində təcavüzə uğramış müsəlman torpaqlarının, Qarabağın azadlığı çağırışlarını önə çəkdiyinə, azğın düşmənə lənət yağdırdığına görə din aliminə minnətdarlıq etdi.
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə Təbriz şəhərində keçirilən “Qarabağ – İslam torpağı” adlı konfransa yeddi nəfərdən ibarət nümayəndə heyətimizin qatılması və aparılan aktual diskussiya barədə məlumat vermişdik. Heyətə Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, QAT sədri Akif Nağı və şair-publisist Qurban Cəbrayıl daxil idilər.
Dəyirmi masada Ədalət Partiyasının sədri İlyas İsmayılov diqqəti məsələnin tarixi köklərinə və beynəlxalq təşkilatların fəaliyyətsizliyinə yönəldib. Millət vəkili Tahir Kərimli bildirib ki, İran birinci Qarabağ müharibəsində Azərbaycana ciddi kömək göstərib, iki dövlətin arasında birlik həmişə olmalıdır. Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli vurğulayıb ki, biz bir-birimizə qarşı dözümlü olmalı, artıq tənqidlərdən çəkinməliyik. İran və Azərbaycan vacib məsələlərdə, o cümlədən Qarabağ məsələsində birgə hərəkət etməlidir. Konfrans iştirakçılarından Akif Nağı, Eldəniz Quliyev, doktor Kəffaş, doktor Ruhulla Mütəfəkkir Azad, Mehdi Nalbəndi, Zərdüşt Əlizadə, Seyid Məcud Peyman və digərləri də çıxış edərək təkliflərini veriblər. Təbrizli şair Sədr Məhəmmədi və Azərbaycan təmsilçisi Qurban Cəbrayıl Qarabağa həsr olunmuş şeirlərini oxuyublar.
Tədbir başa çatandan sonra Azərbaycandan gələn nümayəndə heyətini təhsil ocağının rektoru Məhəmmədrza Purməhəmmədi qəbul edib, bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qonaqlar Təbrizdə Azərbaycan tarixi muzeyində, Qacarlar sülaləsinin tarixinə aid muzeydə və digər tarixi yerlərdə olub, maraqlı eksponatlarla tanışlıq imkanı qazanıblar. Nümayəndə heyətini müşayiət edən doktor Səhənd Cahani və digər universitet məsulları səfərin təkcə müzakirələr bölümünün deyil, asudə vaxt hissəsinin də maraqlı keçməsindən ötrü xeyli zəhmət çəkiblər.
Ertəsi gün, yəni mayın 8-də Təbrizdən Ərdəbilə gələn qonaqlar şəhərin imam-cüməsi, Ali Rəhbərin bölgə üzrə səlahiyyətli nümayəndəsi Seyid Həsən Amili tərəfindən qəbul olunublar. Öncə söz alan səfərin təşkilatçısı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli nümayəndə heyətinin üzvlərini din aliminə və görüşə toplaşmış KİV mənsublarına təqdim edərək, belə bir vacib dönəmdə vaxt ayırdıqlarına, taleyüklü məsələlərə diqqət göstərdiklərinə görə səmimi təşəkkür edib. Hacı Rövşən iki dost, qardaş ölkənin bir çox ortaq dəyərlərə malik olduqlarını və bu münasibətlərin zamanın sınağından üzağ çıxdığını, Qarabağ probleminin həllində də daim İranın dəstəyini gördüklərini xatırladıb. İmam-cümənin dəyərli xütbələrinin nəinki İranda, qonşu ölkələrdə, hətta Şərq-İslam dünyasında maraqla izləndiyinə toxunan politoloq, xüsusən təcavüzə uğramış müsəlman torpaqlarının, Qarabağın azadlığı çağırışlarının önə çəkildiyi, azğın düşmənə nifrət yağdırıldığı üçün dərin minnətdarlığını bildirib.        
Qonaqları Mehriban və Bağışlayan Allahın adı ilə salamlayan Ayətullah Seyid Həsən Amili cavab nitqində vurğulayıb ki, onları da ən çox narahat edən məsələlərdən biri Qarabağdır: “O tayda müəyyən muzdlu qüvvələrin nə düşünməsindən asılı olmayaraq, biz Azərbaycanı və Azərbaycan xalqını cox sevirik. Bəzən İranın Ermənistana köməyi, guya onu iqtisadi blokadadan çıxarması barədə müxtəlif əsassız sözlər səslənir; amma əmin ola bilərsiziniz ki, tamamilə yanlış təqdimatdır. Ümumi müzakirələrdən, ayrı-ayrı dairələrdəki fikir mübadilələrindən əlavə, hər cümə xütbələrində ermənilərə lənət oxunur. Qarabağın çox tezliklə azadlığa qovuşmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar. Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, xarici güclər heç nə edə bilməzlər. Torpaqların azadlığı dinin, inamın, imanın güclənməsindən keçir. Ali Rəhbərimiz Seyid Əli Xamneyi ağa Qarabağın İslam ərazilərinin bir hissəsi olduğunu bəyan edib. Bundan böyük nə qiymət verilə bilər? Hər kəs ki, o müqəddəsliyin erməni murdarlığından təmizlənməsində həyatını itirə, şəhid sayılır”.   
Görkəmli din alimi münaqişənin həlli yollarından, uzun illərdir davam edən və heç bir əhəmiyyəti olmayan sülh danışıqlarından da söhbət açıb. Bildirib ki, bu dialoq problemi həll etmək əvəzinə, daha da düyünə salır: “Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait yaranarsa, mən də Qarabağda döyüşə getməyə hazıram, bir müsəlman kimi bunu özümə borc bilirəm. İranla Azərbaycan bir-birinə daha çox yaxınlaşmalı, vəhdətdə hərəkət etməlidirlər. İnşaallah, Allahın köməyi ilə qələbə yaxındadır!”
Seyid Həsən Amili çıxışının sonunda Səfəvilər yurdunun – Ərdəbilin idarəçiliyi ilə bağlı bir qurumun təsis olunduğunu, şərqşünas Zərdüşt Əlizadənin də həmin təşkilatın rəhbər Şurasına üzv seçildiyini diqqətə çatdırıb.
Qonaqlar da öz növbələrində təşəkkürlərini bildirərək, İranın dost, qardaş köməyini həmişə hiss etdiklərini söyləyiblər, iki dövlət və xalqlar arasında əlaqələrin daha da genişlənməsi naminə təkliflərini səsləndiriblər.
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli sonda qəbula görə razılığını bildirərək, belə görüşlərin mütəmadi təşkilinə böyük ehtiyac duyulduğunu dedi və inşallah, bu zəmində də Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişafına ümid ifadə etdi./vetenugrunda.az            


  • Yazılıb
  • da (də) 2016 May 31
  • Göndərən مدير سايت Aran News