Tarix : 2016 May 31
Kod 49049

ELDƏNİZ QULİEV:“İRAN QARABAĞ SAVAŞINDA FƏAL İŞTİRAK EDİB VƏ AZƏRBAYCAN RESPUBLİKASİNA DƏSTƏK VERİB”

Təbriz Universitetində reallaşan Qarabağ müzakirələri Azərbaycan və İrandan ötrü böyük əhəmiyyətə malikdir
Arannews- “Təbriz Universitetində reallaşan Qarabağ müzakirələri hər iki tərəf üçün – həm Azərbaycan, həm də İrandan ötrü böyük əhəmiyyətə malikdir. Əvvəla, qonşu, qardaş müsəlman ölkəsinin işğal altındakı torpaqlarımızla bağlı mövqeyi ortaya qoyuldu: Qarabağ İslam torpaqları kimi təfsir edilməklə ermənilərin oradan rədd olub getmələri barədə sərt bəyanat səsləndirildi... Və zaman-zaman Azərbaycan-İran münasibətlərində yaranan bəzi suallar dolğun cavablandırıldı: rəsmi Tehran dövlətimizə, xalqımıza dostluq, yoldaşlıq, əməkdaşlıq, strateji tərəfdaşlıq prizmasından yanaşdığını bir daha təzahür etdirdi.”
Bu sözləri Azərbaycan Ziyalılar Birliyinin sədri, kinossenarist Eldəniz Quliyev Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə Şərqi Azərbaycan ostandarlığının ən böyük təhsil müəssisəsində keçirilən “Qarabağ – İslam torpağı” konfransını və ümumiyyətlə mayın 6-dan 9-dək İslam Respublikasına səfərinin nəticələrini şərh edərkən söyləyib.
Müsahibimiz nümayəndə heyətinin digər üzvləri - Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, politoloq Zərdüşt Əlizadə, QAT sədri Akif Nağı və jurnalist Qurban Cəbrayılın da həmin mövqeyi bölüşdüklərini və bunun obyektiv, ədalətli dəyərləndirmə olduğunu vurğulayıb: “Çox müsbət, faydalı və pozitiv tendensiyadır. İki xalqın mehriban, təmənnasız, səmimi təması onsuz da var və həmişə davam edəcək. Çox sevindiricidir ki, sözügedən daimi əlaqələr belə demək mümkünsə, dövlət, hökumət tərəfindən də ratifikasiya olundu. Qarabağ məsələsinə gəlincə, xalq kütlələrinin, bir çoxlarımızın bilmədiyi məqamlar aşkarlandı. Bildirildi ki, münaqişənin ilk günlərindən siyasi dəstəkdən əlavə, İran bizə həm əsgəri, həm də texniki köməkliklər göstərib. Nəinki hərbçilərimizə təlim keçib və qiymətli kəşfiyyat məlumatları ötürüb, hətta döyüşmək üçün göndərdiyi könüllülərdən şəhidlər də verib. Nədənsə indiyə qədər bəzi faktlar gizli saxlanılıb, açıqlanması məqbul sayılmayıb. Amma artıq geniş ictimaiyyət lazımi qədər məlumatlandırıldı; ona görə də bu tipli ünsiyyətin, fikir mübadilələrinin əhəmiyyəti böyükdür.”
Eldəniz müəllim belə görüşlərin, müzakirələrin bu tayda da davamını zəruri saydı və mədəni əlaqələrin iki ölkə arasında ən etibarlı körpü olduğunu dedi: “Şübhəsiz ki, seçilən format xeyli uğurludur - təşəbbüskarlığına, təşkilatçılığına görə dəyərli dostum Hacı Rövşən Əhmədliyə minnətdarlığımı bildirirəm – amma ikitərəfli yol kimi olması vacibdir. Yəni növbəti müddətdə taleyüklü missiyanı Bakının hər hansı təhsil ocağı üzərinə götürməklə, mövzunu, çıxışçıları müəyyənləşdirib İrandan qonaqlar dəvət eləsə, məncə məsələ daim gündəmdə qalar, problemdən optimal çıxış yolları tapılar. Diqqət yetirdinizsə, orada bizə münasibət necə isti, qardaşyana idi; rektor özü Dəyirmi masaya qatıldı, nümayəndə heyətimizi şəxsən qəbul elədi, hədiyyələr bağışladı, yola saldı və sair. Biz də öz növbəmizdə adıçəkilən ənənəni, prosesi dəstəkləməliyik. Və təcrübə göstərir ki, siyasi, iqtisadi sahələrlə yanaşı mədəni əlaqələr də prioritetə çevrilməlidir. Məsələn, neçə gün öncə “Nizami” kino mərkəzində keçirilən İran filmləri festivalı çox yaxşı qarşılandı. Beləcə, müştərək tədbirlər, sərgilər düzənlənməli, filmlər çəkilməli, tamaşalar qoyulmalı, kitablar hazırlanmalıdır. Ölkələrimiz, xalqlarımız arasında mədəniyyətdən etibarlı ünsiyyət vasitəsi yoxdur; siyasi-iqtisadi əlaqələrdə müəyyən anlaşılmazlıqlar yarana bilər, lakin mədəni bağlantıların ömrü daimidir, əbədidir.”/ vetenugrunda.az            


  • Yazılıb
  • da (də) 2016 May 31
  • Göndərən مدير سايت Aran News