Şimali Amerika İslam Şurasının (İCNA) Müsəlman Amerika Cəmiyyəti (MAS) ilə birgə ABŞ-ın Baltimor şəhərində təşkil etdiyi illik toplantıya ölkənin müxtəlif yerindən 26 min müsəlman qatılıb.
AranNews, Anadolu-ya istinadən xəbər verir ki, ABŞ-ın ən böyük və aktiv müsəlman QHT-lərindən olan İCNA və MAS bu il 41-ci birgə toplantılarını təşkil etməyə nail olublar.
İCNA-nın sədr müavini Vaqqas Seyid Anadolu-ya verdiyi açıqlamasında, İslam dünyasından alim, akademik və tanınmış simalar olmaqla, 100-dən artıq natiqin bu toplantıya dəvət edildiyini bildirib. Seyid toplantının bu ilki əsas mövzusunun "İlahi rəhbər - Quran" başlığı ilə keçirildiyini qeyd edib. O, bununla müqəddəs kitabın müsəlmanların həyatlarının hər vaxt mərkəzində olmağı haqqında mesajını vermək istədiklərini bildirib.
Təqribən 400 firmanın da iştirak etdiyi möhtəşəm bir sərgi də təşkil olunub. Ən çox diqqəti cəlb edən stendlər arasında Amerika İslam Əlaqələri Şurasının (CAİR) səhnəsi görünürdü. Bunun səbəbi isə CAİR-in islamofobiya ilə mübarizə üçün istehsal etdikləri “Islamophobin” adlı saqqızdır.
Amerikalıların müsəlman qonşularına qarşı şübhəli münasibətlərini yumoristik bir tərzdə, “Islamophobin” adlı saqqız reklamıyla gündəmə gətirən CAİR-in islamofobiya ilə mübarizə və araşdırma komitəsinin direktoru Korey Seylor məhsullarına ciddi marağın olduğunu söyləyib.
Seylor ABŞ-da islamofobiyanın ciddi bir məsələ olduğunu və diqqətdən kənar saxlanılmayacağını bildirərək, bu saqqızla fanatizmlə "məsxərə etmək" istədiklərini deyib.
İCNA-MAS toplantıları əsnasında müsəlman gənclər Fələstinə dəstək nümayişi keçiriblər. Toplantıların keçirildiyi konqres mərkəzində böyük bir Fələstin bayrağı açan İCNA Humanitar Yardım İdarəsinin fəal gəncləri "Fələstinə Azadlıq!" şüarları səsləndiriblər.
Fələstin əsilli ABŞ vətəndaşı, 15 yaşlı Sabrin Qudah aksiyada iştirak edənlərin arasında fələstinlilərin çox olmasına baxmayaraq, başqa ölkələrdən müsəlmanların da onlarla birgə Fələstin bayrağını qaldırdıqlarını bildirib. "Bu hamımızın birlikdə olduğunu göstərir", - deyə Sabrin Qudah əlavə edib.