İsveç hökuməti qonşu ölkələrlə müvəqqəti sərhəd nəzarətinin müddətini iyun 7-dən noyabrın 11-dək uzadıb.
AranNews-un TTV-az xəbər agentliyinə istinadən, 9,8 milyon əhalisi olan İsveçə ötən il 163 mindən çox qaçqın gəlib. Bu, Avropa İttifaqında ən böyük göstəricidir.
Qaçqınların gəldiyi əsas yol Danimarkanı İsveçlə birləşdirən körpüdür. Miqrantlar Danimarkada qalmaq istəmirlər, çünki bu ölkədə miqrasiya qanunları sərtləşdirilib. Fransa isə Yunanıstandan Avropa ərazisinə daxil olan miqrantlardan hər ay 400 nəfərini qəbul edəcək. Ölkənin XİN-nin yaydığı məlumata görə, həftə ərzində Yunanıstan və İtaliyadan Fransaya 97 qaçqın gəlib. İyunun 9-dan etibarən ölkəyə daha 253 nəfərin gələcəyi gözlənilir. Yunanıstanın Midilli adasında Əfqanıstan və Pakistan əsilli miqrantlar arasında qarşıdurma yaşanıb. 70 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Adada çoxu suriyalı olmaqla 3 min 906 miqrant məskunlaşıb.
Bu arada rəsmi Vaşinqton müvafiq yoxlamadan keçən 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib. ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Consonun sözlərinə görə, daha 7900 suriyalı qaçqının yoxlamadan keçirilməsi nəzərdə tutulub. Dövlət Departamentindən o da bildirilib ki, Suriyadakı hərbi əməliyyatlarda terror qruplaşmalarının sıralarında 40 minədək əcnəbi silahlı döyüşür.