İlham Əliyev: "azərbaycan xalqını bərəkətli, mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm"
Arannews- AİP sədr əvəzi Hacı İlham Əliyev Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
Əziz həmvətənlərimiz, möminlər və möminələr!
Məlum olduğu kimi iyun ayının 7-si Ramazanın ilk günüdür. Sizləri bərəkətli, mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ramazan on bir ayın sultanı olmaqla ayların məğfirətlisidir. Allah-Təala bu ayda bəşəriyyətə özünün ən böyük hədiyyəsi olan Qurani-Kərimi bəxş etmişdir.
İslam Peyğəmbəri(s) Mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbələrdən birində bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur:
“Ey insanlar! Alah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allah-Təalanın nəzərində bu ay ən bərəkətli aydır. Gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısıdır. Bu ayda sizlər Allah-Təalanın verdyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah-Təala dualarınızı müstəcab edir.”
Ramazan ayı mənəvi-elmi-fəlsəfi mahiyyət etibarı ilə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında fərqin aradan qaldırılmasının göstəricisi, ruhun və bütövlükdə insan vücudunun təmizlənməsi, paklanması ayıdır. Ölkəmizdə əhalinin sosial-ictimai həyatının çətinliklərini, ehtiyac içində olan insanları nəzərə alsaq əziz Peyğəmbərimizin buyurduğu kimi bu ayda kasıblara əl tutmağın, kömək etməyin vacibliyini, böyük savab olduğunu görərik. Bu, biz müsəlmanlara ibadət edib oruc tutmaqla vacib bilinib.
Allah-Təaladan bir daha tutacağınız oruc və edəcəyiniz ibadətlərin qəbul olunmasını diləyirəm. Qəlbinizin iman çırağı bu mübarək ayda daha çox parlasın, ailənizin xoşbəxtliyi, Vətənimizin xoş gələcəyi, İslam bayrağının bütün müsəlman torpaqlarında bərqərar olması, Qarabağımızın azad edilməsi üçün edəcəyiniz dualar Allah dərgahında qəbul olunsun.