Türkiyədə həyata keçirilən son terror hücumları ilə Suriyadakı əməliyyatlar arasında əlaqə var.
AranNews xəbər verir ki, bu iddia ilə Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı çıxış edib.
Yazar qeyd edir ki, PKK terror təşkilatına ABŞ himayəçilik edir.
“Suriyanın Rakka bölgəsində İŞİD-ə qarşı aparılan əməliyyat Münbiçə sürüşdürüldü. Münbiç İŞİD-in işğalı altında idi. Növbəti hədəf isə Türkiyə üçün strateji əhəmiyyət daşıyan bölgə idi – Ankara üçün “qırmızı xətt” sayılan Fərat çayının qərbi. Buna görə də strateji əhəmiyyəti böyük olan Münbiç əsla PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) əlinə keçməməli idi. ABŞ əməliyyat üçün Türkiyədən dəstək istədi.
Türkiyə şərt qoydu: dəstək verərik, amma PYD Münbicə girməyəcək. Amerika şərti qəbul etdi və əməliyyat başladı.
Həqiqətən də Münbiçdəki əməliyyatı PYD deyil, onların da daxil olduğu koalisiyanın tərkibindəki ərəb və türkman qanadı icra edirdi. Münbiçin böyük hissəsi azad edildi. Türkiyə bölgədə baş verənləri diqqətlə izləyirdi, bir anlıq diqqətsizlik Türkiyənin bütün strategiyasını çökdürə bilərdi. Elə bu zaman İstanbuldakı Vezvecilər metro stansiyasının yaxınlığında terror hücumu reallaşdırıldı. 24 saat sonra terrorun ünvanı Mardinin Midyat mahalı idi”, – Taha Dağlı bildirib.Suriyada əməliyyatın davam etdiyini bildirən yazar qeyd edir ki, PYD terror təşkilatı çox rahat hərəkət edir. Onun sözlərinə görə, Amerikaya tamamilə güvənməkdən söhbət gedə bilməz:
“Ankara onsuz da planlarını “Amerika sözündə durmazsa” ehtimalını düşünərək hazırlayıb. Terror təşkilatı terror hücumları ilə bir neçə mesaj verdi. PKK-ya qarşı əməliyyatlar bitmək üzrə ikən, təşkilat “ölmədim, ayaq üstəyəm” mesajı göndərdi. Əsl mesajı göndərən xaricdədir. Amerikanın Türkiyəyə verdiyi “PYD Münbiçə girməyəcək” sözünü yerinə yetirməməsi böyük ehtimaldır. Amerika hər fürsətdə “Suriya mövzusunda mənə güvənməyin” dedi. Türkiyə bu mərhələdə amerikalıların sözlərinə zərrə qədər də etibar etmir”.