Fatimə Xankişiyevaya Bakı şəhəri məktəblər arası 1-ci məntiq olimpiadasında əldə etdiyi uğurlara görə tərifnamə verilib.
AranNews, xəbər verir ki, bu barədə Fatimənin atası sosial şəbəkədə məlumat yayıb. O, qızının uğur qazanmasına bu cür şərh verib: "Vaxt var idi bu qızı hicabına görə həmən məktəb qəbul eləmək istəmirdi. İndi isə həmən məktəbə baş ucalığı gətirir", - deyə Əfqan Xankişiyev bildirib.
Təəssüflər olsun ki, qloballaşan müasir dünyada bəzən Allahın qanunlarını icra edən və hicab geyinən müsəlman xanımları təzyiqlərlə üzləşirlər. Müsəlman ölkəsi olan Azərbaycanda da zaman-zaman hicablı şagirdlərin və tələbələrin dərsə buraxılmadığını, qadınların işlə təminatında süni maneələr yaradıldığını, hətta işdən azad olunduqlarını müşahidə etmişik. Bir çox hallarda isə hicablı xanımları qəbul etmək istəməyənlərin boş və yersiz arqumentləri bundan ibarət olub ki, baş örtüsü təhsildən yayındırır, yaxud iş yerinin daxili subardinasiya qaydalarına uyğun gəlmir və sairə... Lakin hər dəfə də, hicablı xanımlar bütün bu mənasız arqumentləri alt-üst etməyi bacarıblar və tam əksini sübuta yetiriblər.
Elə növbəti hicablı qəhrəmanımız Fatimə Xankişiyeva kimi! Belə ki, Fatimənin atası Əfqan Xankişiyev öz şəxsi Facebook səhifəsində status paylaşaraq qızının təhsildə əldə etdiyi nəaliyyətlərdən bəhs edib. Vaxtilə oxuduğu məktəbə hicablı olduğu üçün qəbul edilməyən Fatimənin indi Lütfizadə adına Bakı şəhəri məktəblər arası 1-ci məntiq olimpiadasında əldə etdiyi uğurlara görə tərifnamə aldığını deyən ata sevincini bölüşüb.
Bir vaxtlar hicabına görə, təhsilində maneələrlə üzləşən Fatimə indi dərslərindəki uğurları ilə oxuduğu elm ocağının adını yüksəyə qaldırır və başını uca edir. Budur hicabın bir yeniyetmə qıza bəxş etdiyi üstünlük. Hicabı əxlaq və bu cür uğurlarla təbliğ etmək lazımdır.