Tarix : 2016 Jun 16
Kod 49268

İqtisadçı ekspert:"Azərbaycan Əhalisinin əksəriyyətinin əmək haqqı 200-300 manat ətrafında dəyişir”

Məhəmməd Talıblı: “Əhalinin təqribən 60%-nin əmək haqqı 200-300 manat ətrafında dəyişir. əhalinin gəlirlilik səviyyəsi azalıb və qiymətlər artıq pik hədinə çatıb. Bütün bunlar əhalinin rifah səviyyəsini xeyli çətinləşdirir”
Arannews- 2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 487,5 manat olmuşdur. 2016-cı il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,6 min nəfər olmuş, onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
İqtisadçı ekspert Məhəmməd Talıblı: “Azərbaycanda orta aylıq əmək haqqının 487 manat olması və ötən ildən bu yana əmək haqqına 8 faizlik artım olması onu deməyə əsas verir ki, bu orta statistik azərbaycanlının aylıq əmək haqqı hesab edilə bilməz. Ölkədə müəllim və həkimlərin əldə etdiyi aylıq gəlir bəzən 180-200 manat ətrafında olur. Amma hər hansısa bir məmur, deputat və bu kimi dövlət qulluqçuları 3000 manat ətrafında əmək haqqı alır. Bu fərqə görə orta aylıq əmək haqqı 487 manat həddində hesablanır. Elə bir durumda ölkədə yaşayan əhalinin aylıq gəlirini 500 manat ətrafında qiymətləndirmək doğru deyil. Bu baxımdan əhalinin təqribən 60%-nin əmək haqqı 200-300 manat ətrafında dəyişir. Bu onu göstərir ki, əhalinin əhəmiyyətli bir kəsimi orta aylıq əmək haqqında daha aşağı səviyyədə məvacib alır. Problem tək bunda da deyil. Ölkədə qiymətlərin artım tempi də sürətlənib və inflyasiya təzyiqləri artıb. Belə bir durumda orta aylıq əmək haqqının yerində sayması onu deməyə əsas verir ki, ölkədə sosial siyasət effektli şəkildə aparılmır. Bununla yanaşı əhalinin gəlirlilik səviyyəsi azalıb və qiymətlər artıq pik hədinə çatıb. Bütün bunlar əhalinin rifah səviyyəsini xeyli çətinləşdirir”.


  • Yazılıb
  • da (də) 2016 Jun 16
  • Göndərən مدير سايت Aran News