Arannews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Azərbaycan parlamentinin bəzi deputatlarının dünənki sözlərindən təəssüfləndiyini bildirib və deyib: Bu kimi bəyanatlar iki ölkə əlaqələrinin inkişafına kömək etməyəcək.M.Pak Ayin Tehran-Bakı əlaqələrinin heç vaxt indiki qədər yaxşı olmadığını bildirərək deyib: Ermənistanın xarici işlər nazirinin Tehrana səfəri İİR-nın qonşularla balanslı siyasəti çərçivəsində baş tutur və başqa bir ölkənin əleyhinə olmayıb.
İranın Azərbaycandakı səfiri bəzi medialarda İran prezidentinin İrəvana gözlənilən səfəri barədə yayılan məlumatlara münasibət bildirərərk deyib: Bunlar mediaların öz təxminləridir. İran prezidentinin səfər proqramı isə milli mənafe istiqamətində tənzimlənir və vaxtında prezident aparatı tərəfindən elan olunur.
M.Pak Ayin iki ölkə münasibətlərinin inkişaf etdirilməsinin şərtinin hər iki ölkə başçılarında siyasi iradənin olması olduğunu xatırladıb və deyib: Son üç ildə İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşü münasibətlərin genişləndirilməsinə siyasi iradənin olduğunu göstərir və iki ölkə başçıları arasında bu sayda görüş və həmin görüşlərdə imzalanan sənədlərə İran ilə başqa qonşu ölkələr arasında bir nümunə göstərmək mümkün deyil.
Pak Ayin Tehran-Bakı əlaqələrində müsbətə doğru dəyişikliklərin səbəbinin prezident Ruhaninin qonşularla əlaqələrin inkişafına və ölkənin xarici siyasətində mötədilliyin yaradılmasına dair təkidləri olduğunu diqqətə çəkib.
İranın Bakıdakı səfiri deyib: Məhz bu siyasətin icrası sayəsində İran və Azərbaycan ticarət, tranzit, kənd təsərrüfatı, sənaye , turizm və enerji sektorları arasında əməkdaşlıqlara təkan veriblər və iki tərəfin şimal-cənub nəqliyyat dəhlizi layihəsinin icrasını yekunlaşdırmaq qərarı bu uğurların simvoludur.
İranın Azərbaycandakı səfiri sonra deyib: Bu dəhlizin yekunlaşması, turizmin inkişafı üçün viza rejiminin ləğv edilməsi və ticarət mübadilələrinin artırılması qarşılıqlı mənafe istiqamətində hər iki ölkəyə xeyir verəcəkdir.
Möhsün Pak Ayin qarşılıqlı və çoxtərəfli əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqəti çəkərək deyib: Gələcəkdə də İranın yüksək səviyyəli rəsmilərinin Bakıya səfərlərinin şahidi olacağıq və İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli Bakı görüşü gözlənilir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri daha sonra deyib: Gələcəkdə dost, qonşu və ortaq kimi Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək və iki ölkə rəsmiləri qarşılıqlı əlaqələri bədxahlardan qorumağı özlərinə borc hesab edirlər.
Qeyd edək ki, dünən Azərbaycan Respublikası parlamentinin üzvlərindən üç nəfəri Ermənistan xarici işlər nazirinin Tehrana səfərini tənqid edib. Buna rəğmən, parlament sədri Oktay Əsədovun dəstəyi ilə İran ilə Azərbaycan arasında imzalanmış bir neçə əməkdaşlıq sənədi Milli Məclisdə ratifikasiya olunub.