İlham Əliyev, Azərbaycanin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.
İlham Əliyev, dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladıb, Ulu öndərlə Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
AranNews, xəbər verir ki, bunu iyunun 17-də Qafqaz Müsəlmanları İdarəsində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində çıxışı zamanı İlham Əliyev deyib.
“Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlət başçısı ölkənin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.
“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdıb. O bildirib ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.
Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər.
“Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, - deyən prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğulayıb.
Nitqinin sonunda İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
Sonra iftar süfrəsi açılıb.