Tarix : 2016 Jun 22
Kod 49378

Azərbaycan islam partiyası, iftar mərasimi keçirib

Azərbaycan İslam Partiyası (AİP) İmam Həsənin (ə.s) mövludu və mübarək Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edib.


İftar mərasiminə ölkənin tanınmış ilahiyyatçı alimləri, din xadimləri, partiya funksionerləri və inanclıları qatılıblar. İftar mərasimi Qurani Kərimin tilavət olunması ilə başlayıb.
AranNews, “islaminsesi.org”-a istinadən xəbər verir ki, İftar mərasimini AİP sədrinin müavini, ilahiyyatçı alim Emil Rahiloğlu açıb. İlahiyyatçı öncə iftar mərasiminə toplaşanları salamlayıb və dəvəti qəbul edib gələnlərə təşəkkürünü bildirib. Bu müqəddəs ayın gözəl ənənələrindən birinin oruc tutanları iftar süfrəsinə dəvət etmək olduğunu deyib. Eyni zamanda mübarək Ramazan ayının 14-ü imam Həsənin (ə.s) mövlud axşamı olduğunu qeyd edib. Tədbirin əsas mahiyyətinin də məhz bu iki əlamətdar gün üzərində qurulduğunu dilə gətirib.
Ardınca ruhani alimlər Hacı Əli Behişti, Hacı Əli Nur və Cəlal Şəfiyevin mübarək Ramazan ayının fəzilətləri barədə çıxışlarından ibarət video çarx nümayiş olunub. Çıxışlarda həmçinin imam Həsənin (ə.s) keçdiyi həyat və imamət yolu haqqında ətraflı məlumat verilib.
Daha sonra çıxış üçün söz AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verilib. İlahiyyatçı təşrif buyuraraq məclisi daha da zinətləndirən qonaqlara öz təşəkkürünü bildirib. Həm Ramazan ayı, həm də imam Həsənin (ə.s) mövludu münasibəti ilə bütün möminləri təbrik edib. Hacı İlham Əliyev Allahın insanı xəlq elədiyini və bəşər övladının da təkəmülə doğru hərəkətdə olduğunu diqqətə çatdırıb. İnsan təkamülünün və kamillik məqsədinin Allaha çatmaq olduğunu deyən ilahiyyatçı, bu məşəqqətli yolda bir çox maneələrin mövcudluğunu vurğulayıb: “Hər bir maneə insanı öz hədəfindən yayındıraraq, məqsədindən uzaqlaşdırmaq əzmindədir. İnsanın öz daxilində olan nəfsi onu aldadaraq yolundan uzaqlaşdırmağa və pisliyə dəvət etməyə çalışır. Lakin insan hədəfinə çatmaq üçün bu maneələri aradan qaldırmalıdır”.
İlahiyyatçı sözlərinə İmam Əlidən(ə) günümüzə çatan hədislə davam edib: “Siz günah yükünü çiyninizdən yerə qoyun, yüngülləşdirin ki, hədəfə çatasız”. Hədəfə çatmaq üçün insan mütləq yüngülləşməlidir. Yalnız bundan sonra insan öz hədəfinə çata bilər. Ramazan ayı məqsədə yetişmək üçün ən gözəl fürsətdir. İnsanın bu ayda bir gecəyə 83 ilin yolunu qət etməsi mümkündür. Bu fəziləti Allah insan üçün məhz Ramazan ayında yaradıb. Əhli-beyt (ə.s) bizə müxtəlif hədislər vasitəsi ilə Allahla münacat etməyin yollarını öyrədir: “Ey böyük olan Allah! Mənim böyük günahlarımı bağışla, böyük günahları yalnız sən bağışlaya bilərsən”. Əhli-beyt (ə.s) bizə Allahla məhz bu cür münacat etməyi məsləhət görür. Bu ayda Allah bütün rəhmət qapılarını açıb və öz məhəbbətini bəndələrinə izhar edib. İnsan Allaha tərəf gedərsə, Rəbbi onun günahlarını bağışlayar. İlahiyyatçı çıxışının sonunda Allahdan bu mübarək ayda günahların bağışlanmasını, edilən duaların qəbul olunmasını diləyib”.
Sonra çıxış üçün söz ilahiyyatçı alim Hacı Əli Behiştiyə verilib. Ruhani İmam Həsənin (ə.s) mövludu münasibəti ilə müsəlmanları təbrik edib. İlahiyyatçı Allahın əbədi və əzəli olduğunu bildirib. İnsanın Allaha həqiqi bəndə olmasının vacibliyini diqqətə çatdırıb: “Ruhumuz əbədidir. İki yolun biri bizi Cənnətə, digəri isə cəhənnəmə aparır. Heç kim cəhənnəmə getmək istəmir, hər kəs əbədi səadət arzusundadır. Allah bizi xəlq edib ki, behişti qazanaq. Allaha bəndəçilik və itaət etsək, o zaman behiştə daxil olacağıq”.
Hacı Əli Behişti çıxışını davam etdirərək imam Həsənin (ə.s) gözəl və bariz sifətlərindən biri olan helm haqqında söz açıb: “Helm elə gözəl bir sifətdir ki, bu xüsusiyyətə sahiblənmək tövsiyyə olunur. Əgər bu sifətə malik deyilsinizsə, çalışın ki həlim olasınız: “Bir şəxs Mədinə şəhərində imam Həsənin (ə.s) qarşısını kəsir. Fikrində Əhli-beytin zidd təbliği olduğundan imama xoşagəlməz sözlər deməyə başlayır. İmam kişini dinlədikdən sonra öncə salam verib, gülümsəyir və bu şəxsdən qərib olduğunu soruşur. Həmin şəxsə Əhli-beyt haqqında yalnış məlumat verildiyini bildirir və ona hər bir kömək etməyə hazır olduğunu bəyan edir. Həmin şəxs imam Həsənin (ə.s) bu rəftarı qarşısında xəcalət çəkir və imamın Allahın yer üzərindəki xəlifəsi olduğuna şəhadət verir. Helmin mənası budur ki, insan qəzəbini boğmağı bacara və öz nəfsinə sahiblənə. Əgər insan həlim olsa, Allah onu istəyər”.
Ardınca çıxış üçün söz AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verilib. Növrəstə İbrahimova 11 ayın sultanı Ramazan ayı və imam Həsənin (ə.s) mövludu münasibəti ilə məclis iştirakçılarını və bütün möminləri təbrik edib. O, imam Həsənin (ə.s) gözəl sifətlərindən, imamətlik dövründən, Allaha itaət və ibadətindən söz açıb. Çıxışının sonunda edilən duaların və ibadətlərin Allah dərgahında qəbul olunmasını arzulayıb.
  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News