Sakinlərin etiraz aksiyasına qalxmasının səbəb kimi isə Tovuzun əsas küçələrinə 15 gündür içməli suyun verilməməsi göstərilir.
AranNews-un xəbərinə görə, sakinlərin aksiyası nəticəsində şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti çətinləşib, tıxac yaranıb.
Etiraz edən sakinlərin deməsinə görə, rayonun Nəsimi, M.Rəsulzadə, Y.Sadıqov küçələrinə 15 gündür içməli su verilmir.
Aksiya keçirilən əraziyə Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının gətirildiyi bildirilir. Polis əməkdaşlarının müdaxiləsindən sonra mərkəzi prospektdə hərəkətin bərpa edildiyi deyilir.
Tovuz Su-Kanal idarəsinin rəisi Azər Süleymanov sayta sakinlərin su təchizatındakı problemin səbəblərindən danışıb.
“Son günlər havanın yağmurlu olması nəticəsində Zəyəm çayında sululuq artıb. Buna görə də, şəhərə su verilməsində çətinlik yaranıb. Sakinlərin içməli suya olan tələbatını ödəmək üçün bu gün həmin küçələrə maşınlarla içməli su gətirilib”.
İdarə rəisi əhaliyə içməli suyun verilməsində yaranan problemin iki gün ərzində həll olunacağını bildirib. /Report/