Azərbaycan İslam Partiyası (AIP) Bəhreyn rejiminin qanunsuz addımına qarşı etiraz bəyanatı yayıb.
AranNews-un xəbərinə görə, Partiyanın mətbuat xidmətinin yaydığını bəyanatda deyilir: "Bu gün dünya xalqlarının İslama, bu dininin təməl dəyərlərinə yüksək qiymət verdiyi bir şəraitdə Bəhreyn rejimi özünün iç üzünü açmağa başlayıb. Əksəriyyəti şiələrdən ibarət olan bu xalqın çox hörmət bəslədiyi, bilik və mənəvi zənginliyinə ehtiyac duyduğu böyük İslam alimi, mütəfəkkiri Şeyx İsa Qasım barədə Bəhreyn hökumətinin qərarı beynəlxalq insan haqlarına və qanunlara qarşı daban-dabana ziddiyyət təşkil edir.
Bu rejim özünün zülm və istibdad keyfiyyətlərindən irəli gələn təhlükəsini zərərsizləşdirmək üçün ən son addımlara əl ataraq, görkəmli İslam alimi Şeyx İsa Qasımı vətəndaşlıqdan çıxarıb.
Şeyx Qasım Bəhreyn Konstitusiyasının müəllifi, bu ölkəni Marksizmin boş ideologiyasından qurtaran dövlət xadimi və böyük mütəfəkkir alimdir.
Bu İslam dininin bilicisi müsəlman dünyasının ən böyük nümayəndələrindən, ustadlarından dərs almış və bu sahədə layiqli ad qazanmışdır. Şeyx Qasımın İslamın təbliğində və dinin ümdə dəyərlərinin doğma xalqına təlqin edilməsində müstəsna rola malik şəxsiyyət olduğu bütün Bəhreyn əhalisi tərəfindən qiymətləndirilir. Rejimin görkəmli Şeyxin siyasi baxışlarından xoşlanmaması, göründüyü kimi ciddi narahatçılıq yaradıb.
AİP, Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlıqdan çıxarılması barədə verdiyi qərarı zülm və istibdadın nəticəsi kimi görür. Bu addımı ümumən İslama, İslam aliminə qarşı qeyri-qanuni və ədalətsizlik hesab edir.
Biz insan haqlarının bu şəkildə açıq-aşkar tapdanmasına qarşı bütün beynəlxalq təşkilatları, insan haqq və hüquqlarını müdafiə edən institutları sərt mövqe sərgiləməyə çağırır, İslam dünyasını İslam aliminə qarşı haqsızlığa etiraza səsləyirik."