Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək.
Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.
AranNews-un məlumatına görə, "Azərbaycan dilində səxs adlarının izahlı lüğəti" adlanan və nəşr olunmaq üzrə olan yeni vəsait artıq Ədliyyə Nazirliyinə təqdim edilib. Bu kitab Ədliyyə Nazirliyi tərəfindən çap edildikdən sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinin yerli şöbələrinə paylanılacaq. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib. Tələffüz forması ilə yazılan adlar isə şəxs adları siyahısından çıxarılıb. Kitaba 6300-ə yaxın ad daxil edilib:
“Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu 2000-ə yaxını – “Kolxoz”, “Sovxoz” kimi adları çoxdan siyahıdan çıxarmışdıq. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. Məsələn, “Əlihəsən” də, “Əlhəsən”, yaxud “Əlihəsə” də yazılır. Biz bu adlardan ancaq “Əlihəsən”i götürmüşük. “Tapdıq” adı “Tapdığ”, “Tapdıx” kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız “Tapdıq”ı saxlamışıq.
Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.
S.Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylanıldıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.
Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın 2-3 deyil, hətta 4-5 yazılış forması yaranıb.
Araşdırmalar nəticəsində bəlli olub ki, incə, zərif qız (qadın) mənasını verən Ruqiyyə adının düzgün yazılış forması son 5 ildə 1 nəfərə verilsə də, bu adın yanlış formaları daha çox uşağa qoyulub.
Belə ki, son 5 ildə yanlış formada yazılan Ruqəyyə adı 342 nəfərə, Rüqayyə adı 637 nəfərə, Rüqəyyə adı 732 nəfərə, Rüqəyyəm adı 1 nəfərə verilib.
Mənası “Ən böyük, ən ulu”, əsl yazılış forması isə Kübra olan bu adın da 4 yazılış forması yaranıb. Son 5 ildə adın düzgün yazılış forması - Kübra 103 nəfərə verilib. Adın səhv yazılış forması olan Kubra 99, Kubrə 8, Kübrə 8 nəfərə verilib.
5 formada yazılan Nərgiz adının yanlış yazılış forması- Nərgis son 5 ildə 4 nəfərə, Nərgıs 3 nəfərə, Nərgız 3 nəfərə, Nərçis 1 nəfərə verilib.
Son 5 ildə Fuad adının səhv variantı olan Fuat adı 2 nəfərə, Səməd adının düzgün yazılış forması olmayan Samed adı 4 nəfərə, düzgün yazılış forması Həmzə olan Hamza adı son 23 nəfərə, Həsən adının səhv yazılmış Hasan adı 15 nəfərə, Hüsniyyə adının yanlış yazılış forması olan Hüsniyə 13, Humay adının yanlış forması olan Hümay 12, Aliyə adının yanlış forması olan Aliye 3 nəfərə verilib.
Son 5 ildə Kerim (əsl yazılış forması Kərim) 7, Yağub (əsl yazılış forması Yaqub) 3, Yahya (əsl yazılış forması Yəhya) 39, Gulnara (əsl yazılış forması Gülnarə) 10, Gürşad (əsl yazılış forması Gülşad) 11, Qəhraman (əsl yazılış forması Qəhrəman) 8 nəfərə, Natavan (əsl yazılış forması Natəvan) 33 nəfərə, Hafis (əsl yazılış forması Hafiz) 35 nəfərə, Qəfər (düzgün yazılış forması Qafar) 16, Kenan (əsl yazılış forması Kənan) 11 nəfərə, Qızbəst (düzgün yazılış forması Qızbəs) Kəmran (əsl yazılış forması Kamran) 3 nəfərə verilib.