AranNews- Qədr gecəsi Quranda və hədislərdə xüsusi yerə malikdir. Qədr gecəsi min aya bərabərdir. Çünki Qədr gecəsində Quran nazil olmuşdur. İnsanların taleyi məhz bu gecələrdə təyin edilir. Bu gecədə insanların günahları bağışlanılır və hər kim bu gecə bağışlanmazsa, Allahın nifrətinə tuş gələr.
Qədr gecəsinin əzəmətinə diqqət edərək, ondan daha çox mənəvi feyz almaq üçün Məsumların (ə) bu gecələrdəki rəftarlarına bir seyr edək.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Qədr gecəsini oyaq qalar, əzab, gələn ilə qədər ondan üz döndərər”. Peyğəmbəri-Əkrəm (s) nəinki Qədr gecələrində oyaq qalırdı, hətta Ramazan ayının son on gününü də oyaq qalardı. O, ibadət edərdi. Həzrət Əli (ə) bu haqda belə buyurur: “Rəsullah (s) bu cür idi ki, öz yatağını toplayardı və Ramazan ayının son on gününü möhkəm ibadət edərdi. Əhlini və əyalını 23-cü gecə oyaq saxlayardı. Yatağa gedənlərin üzərinə su səpərdi (Qədr gecəsini dərk etməkdən məhrum qalmasınlar deyə)”.
Hətta o zamanlar ki, Mədinə məscidində tavan yox idi, yağış yağan zaman belə ibadət edərdi və gecə oyaq qalmağını tərk etməzdi. O, öz rəftarı ilə başqalarını da yağış altında ibadət etməyə və oyaq qalmağa təşviq edərdi.
Həzrət Fatimeyi-Zəhra (s.ə) da o qədər ibadət edərdi ki, İmam Həsən (ə) buyurur: “Dünyada Fatimədən (s.ə) daha çox ibadət edən yox idi. O qədər ibadətə dayanardı ki, mübarək ayaqları şişərdi”. Onun “Zəhra” adının mənası da elə budur ki, gecələri oyaq qalması və ibadət etməsi nəticəsində nuru göylərə qalxardı. Ancaq Qədr gecəsində xüsusi hala malik olardı. Nəinki özü oyaq qalardı, övladlarını da buna məcbur edərdi. Hədislərin birində oxuyuruq: “Həzrət Fatimə (s.ə) ailəsindən heç kəsi 23-cü günün gecəsində yatmasına icazə verməzdi. Onların yuxu çətinliyini bir qədər yeməklə həll edər və buyurardı: “O kəs məhrumdur ki, bu gecənin xeyr və bərəkətindən məhrumdur”.
İmam Baqir (ə) buyurur: “Hər kim Qədr gecəsini əhya saxlayar, Mehriban Allah günahlarını bağışlayar”. Şeyx Abbas Qumi nəql edir ki, İmam Baqir (ə) 21 və 23-cü gecəsi gecə yarısına qədər dua edər və sonra da namaz qılardı”.
O, nəinki özü oyaq qalar, başqalarını da buna məcbur edərdi. Buyurardı: “O kəs ki, Qədr gecəsi qüsl edər və səhər ağarana qadər gecəni oyaq qalarsa, günahları bağışlanmış olar”.
İmam Həsən Əsgəri (ə) buyurardı: “23-cü gecəni oyaq qalmağı əldən vermə”. Yəhya ibni Rəzin nəql edir ki, İmam Sadiq (ə) çox xəstə idi. Əmr edir ki, onu Peyğəmbərin (s) məscidinə aparsınlar. Həzrət 23-cü gecəni səhərə qədər orada qalır”.
Ramazan ayında tövsiyə edilən əməllərdən biri də camaat namazıdır.
Əns ibni Malik Peyğəmbərdən (s) nəql edir ki, buyurur: “O kəs ki, Ramazan ayının əvvəlindən axırına qədər camaat namazında hazır olarsa, Qədr gecəsindən bəhrələnmişdir deməkdir”. İmam Sadiq (ə) də sübh namazında camaat namazı qılardı. Peyğəmbər (s) və səhabələri də ən çətin zamanlarda belə Qədr gecəsində camaat namazını tərk etməzdilər.
Həzrət Əli (ə) buyurur: “23-cü gecə çoxlu yağış yağması nəticəsində Mədinə məscidini gil və su bürümüşdü, buna baxmayaraq, Peyğəmbər (s) bizi namaza məcbur edirdi. Peyğəmbər (s) bizimlə namaz qılırdı və Həzrətin burnunun ucu gil içində idi”.
Bu bərəkətli və əzəmətli gecələri əldən verməyək və onlardan ən gözəl şəkildə bəhrələnək.