Qubad İbadoğlu funt sterlinq, avro və daşınmaz əmlakda olan itkilərin həcmini açıqladı.
AranNews, xəbər verir ki, Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb. İngilis funt-sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib.
Bunun Azərbaycana hansı təsirləri olacaq?
İqtisadçı ekspert Qubad İbadoğlu "Azadlıq" radiosuna açıqlamasında deyib ki, Azərbaycan Dövlət Neft Fondu aktivlərinin 5 faizə qədərini funt sterlinqdə saxlayır: "Aprelin 1-nə olan məlumata görə, Neft Fondunun 1 milyard 150 milyon 700 min funt-sterlinq aktivi var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq 1 gündə 7.66 faiz dəyər itirib. Bu, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar itki deməkdir".
Ekspert qeyd edir ki, Britaniyadakı referendum nəticəsində avro da 1 gündə 2.64 faiz dəyərsizləşib: "DNF-nin aktivlərinin 35.5 faizi də bu valyutada saxlanılır. Bu isə 10 milyard 655 milyon 800 min avro deməkdir. Belə olan halda da Fondun avro ilə olan aktivləri 1 gündə 281.3 milyon avro və ya 326 milyon dollar dəyər itirib".
Q.İbadoğlu bildirir ki, bu iki valyuta ilə bağlı DNF-nin itkisi bütünlükdə 427 milyon dollar olub.
Ekspert yada salır ki, fond Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi alıb. Habelə bura Parisdə 135 milyon avroluq ofis və Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan "Palazzo Turati" ofis binasından ibarət daşınmaz əmlak kompleksi də daxildir: "Londondakı kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdə olan ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar dəyər itirib. Milandakı ofis isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Beləliklə, 1 gündə DNF-nin aktivləri funt-sterlinqin və avronun dollara nisbətdə dəyərdən düşməsinə görə 468.5 milyon dollar azalıb".
Ekspert qeyd edir ki, bu hesablamalar məzənnə nisbiliyindən asılı olaraq azala və ya arta bilər: "Hazırda gedən tendensiya artıma doğrudur. Yəni DNF məzənnə itkisinə daha çox məruz qalır".
Neft Fondundan optimist açıqlama
Dövlət Neft Fondunun mətbuata açıqlamasına görə, Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub: "Bu ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Belə ki, bütün əsas səhm indeksləri 5 faiz artıq düşmüş, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10 faiz və 3 faiz enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib".
Məlumatda qeyd edilir ki, Fondun hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10 faizə qədərini təşkil edir: "Digər 90 faiz isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalıb, hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.
Nəhayət, valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunur, habelə gəlirliliyin hesablanmasında da nəzərə alınmır.
ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırkı investisiya portfelinin qorunmasına şərait yaradır".