Aysan Pərvaz şirkəti Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.
AranNews, xəbər verir ki, Şirkət İranın "ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq iyunun əvvəlindən etibarən Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb.
Şirkətin baş direktor Seyid Məhəmməd Mirrezayi bildirib ki, iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərləri təşkil ediləcək.
Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirrezayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırıb. Qış aylarında "Şahdağ” istirahət mərkəzinin də maraqlı olduğunu qeyd edib.
Hələlik həftənin bazar ertəsi və cümə axşamları Tehran və Təbrizdən Bakıya səyahət reysləri təşkil olunur. Hər həftə Tehrandan 300, Təbrizdən 200 olmaqla, 500 turist Azərbaycanın paytaxtına səyahət edir.
Baş direktor yaxın zamanlarda Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söyləyib və Azərbaycandan İrana turistlərin cəlb edilməsindən danışıb. O, İranın İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirib.
Qarşıdan Ramazan bayramı gəlir. İranlılar bayram günlərində istirahət və səyahət etməyi sevirlər. Ramazan bayramında da İrandan Azərbaycana turist axınının olacağı gözlənilir. İranlılara görə Bakı dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhərdir.
Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. /IslamTimes/