Tarix : 2016 Jul 02
Kod 49497

Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə bağlı möhtəşəm tədbir keçirdi

Tədbirdə ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Arannews- AİP Beynəlxalq Qüds Günü ilə bağlı möhtəşəm tədbir keçirdi.
Tədbirdə ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər
mübarək Ramazan ayının sonuncu cümə günü dünyanın əksər yerlərində, xüsusilə islam aləmində  Beynəlxalq Qüds Günü kimi qeyd edilir. 
Təməli 1982-ci ildə böyük islam inqilabının rəhbəri imam Xomeyni tərəfindən qoyulan Qüds günü, hər il dünyanın müxtəlif ölkələrində elmi diskussiyalar, konfranslar, mitinqlər və aksiyalar formasında qeyd edilir.  60 ildən çoxdur Fələstin xalqına qan udduran və müsəlmanların ilk qibləsi sayılan Beytul Müqəddəsi işğal altında saxlayan sionist İsrail rejiminin cinayətlərinə etiraz olunur.
Qüds Günü münasibəti ilə Azərbaycan İslam Partiyası paytaxt Bakıda geniş tədbir keçirib.
 tədbirdə Azərbaycan Respublikasinin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 
Tədbir ilk öncə Allah kəlamı müqəddəs Qurani-Kərimin oxunuşu, Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirin moderatoru ilahiyyatçı alim Emil Rahiloğlu ilk öncə Beynəlxalq Qüds Gününün mahiyyətindən, sionist rejiminin Fələstin xalqının başına gətirdiyi qətliamlardan, Qüds və Qarabağın ortaq problemlərindən danışdı.
Sonra tədbir iştirakçılarına İslaminSesi tərəfindən hazırlanmış video çarx nümayiş etdirildi.
Bundan sonra çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi.
İlahiyyatçı dəvəti qəbul edib tədbirə təşrif buyuran bütün qonaqlara təşəkkürünü bildirib. Bu gözəl ayda edilən ibadət və duaların Allah dərgahında qəbul olunmasını diləyib. 
Hacı İlham Əliyev qeyd edib ki, İslam inqilabının rəhbəri İmam Xomeyni mübarək Ramazan ayının son cümə gününü Qüds Günü elan edib: 
“Qüds Günü zülmə, ədalətsizliyə məruz qalan insanların günüdür. Ona görə də, zülmdən, işğaldan əziyyət çəkən bütün bəşər övladları bu gündə müdafiə olunmalıdırlar. Azadlıqsevər və ədalət carçısı olan insanlar zülmə qarşı öz etiraz səslərini ucaltmalıdırlar”.
Çıxışına davam edən ilahiyyatçı, imam Xomeyninin “Qüds Günü”nü həm də İslam günü elan etdiyini vurğulayıb. Lakin imamın bu günü təkcə İslam çərçivəsi ilə məhdudlaşdırmadığını qeyd edib:
 “imam Xomeyni buyururdu: “Bu gün təkcə İslamın yox, milliyətindən, əqidəsindən, məzhəbindən asılı olmayaraq bütün zülmə məruz qalan insanların günüdür”.
Hacı İlham Əliyev bildirib ki, imam Xomeyni “Qüds Günü” nü İslam günü elan etsə də, bunu çərçivə ilə məhdudlaşdırmadı. Yəni zülmə məruz qalan qeyri millətlərin də bu gün müdafiə olunmasının vacibliyini bəyan etdi. Bunu dini və insani vəzifə kimi səciyyələndirdi. İmam Xomeyni bir cümlə ilə “Qüds Günü” nün əhəmiyyətini və vacibliyini elan etdi.
İlahiyyatçı alimin sözlərinə görə, İslam bəşəriyyət üçün səadət dolu bir din kimi göndərilib. İnsanlara həqiqi yaşam tərzini təlqin edir: “Bu günki gün İslam aləmi yenidən canlanır və öz amalını yaşadır. İslam dini hətta qeyri-müsəlmana belə zərrə qədər zülm verməyi qadağan edir”.
Sionist rejiminin bir əsrə yaxındır ki, Fələstin xalqına qarşı zülm etdiyini deyən Hacı İlham Əliyev, dünyanın buna susqun yanaşdığını təəssüflə vurğulayıb:
 “Sionist rejimi qadınlara, uşaqlara zülm edir və bu fitnə-fəsadda özünü haqlı sayır. İmam Xomeyni “Qüds Günü”nü elə bir vaxtda elan etdi ki, insanlar sükut içində idilər. Bəşər əhli haqqla-batilin yerini səhv salaraq zalımı-məzlum, məzlumu isə zalım kimi qəbul edirdi. İmam Xomeyni belə bir gündə ayağa qalxaraq Qüds Gününü elan etdi. İnsanları mövcud sükuta son qoymağa səslədi. Hal-hazırda bu düşüncə bütün dünyada öz yerini tutub. “Qüds Günü” nün mahiyyətini dərk edən insanlar zülmə qarşı öz etiraz səslərini daha çox ucaldırlar”.
İlahiyyatçı qeyd edib ki, sükut məntiqinin fəsadlarının nəticəsidir ki, bu gün İraq, Suriya, Əfqanıstan, Azərbaycan və digər müsəlman ölkələri işğalçı rejimlərin zülmlərindən əziyyət çəkir: “Məhz həmin sükutun nəticəsidir ki, bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Əgər vaxtında insanlar sükutu pozaraq öz haqqlarını tələb etməyi bacarsaydılar , bu gün torpaqlarımız işğal edilməzdi. Lakin artıq İslam ümməti, azad düşüncəli insanlar öz hüquqlarını dərk edərək, zülmə qarşı mübarizə aparırlar. Ümid edirik ki, qısa zamanda bütün İslam torpaqları işğaldan azad ediləcək. Bu günün yaxında olduğuna inanırıq”.
Sonra çxıxış üçün söz ilahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğluna verildi. İlqar İbrahimoğlu çıxışı zamanı bildirdi ki, Qüds Gününün qeyd edilməsi artıq Azərbaycanda bir ənənəyə çevrilib.
Qüds Gününün təsis edilməsi ilə bağlı qərarın çox mühüm və həssas bir zamanda verildiyini söyləyən İlqar İbrahimoğlu, “bir neçə əsrlik intibah dövründən sonra dünya artıq elə hesab edirdi ki, din və imanla bağlı mövzu bitib. Dünya insanı üçün yalnız iki – sağ və sol düşüncənin mövcudluğu düşünülürdü. Liberal təfəkkürlə marksist təfəkkürlə dünyanın bütün məsələlərinin həll etmək istəyirdilər”, - deyə bildirdi:
 “Belə bir zamanda böyük İslam İnqilabının rəhbəri İmam Xomeyni və onun böyük şəxsiyyəti ən ali təşəbbüslə və stratejli addımlarla meydana çıxdı.  müsəlman aləminin ən böyük mərcəsi olaraq bütün müsəlmanların oruc olduğu, Qədr gecələrindən çıxdıqları və müqəddəs cümə gününə Qüds gününü təyin etdi. Sanki bununla bir aylıq ilahi mənəvi ziyafətdən çıxmış müsəlmanlara çağırış vardır ki, ey Allah qonağı sən bu addımla sübuta yetirki, tərki dünya deyilsən. Yəni sən siyasi və ictimai təqvanı da yaşamalısan. Qüds Günü hər bir halda müsəlman ümmətinin müqəddaratının növbəti mərhələ üçün müəyyən edilən bir gündür. Günün tərifini ən gözəl formada İmam Xomeyninin özü tərif etmişdi. O bəyanlarında bildirmişdir ki, Qüds Günü eyni zamanda İslam günüdür.”
Bundan sonra çıxış üçün Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya verildi. QAT sədri çıxışı zamanı bütün müsəlmanlara vəhdət və birlik arzuladığını söylədi. “Dünyanın reallığı bundan ibarətdir ki, artıq dünya bölünüb və bizlər də bölünən dünyada öz yerimizi tapmalıyıq. Artıq Qarabağ problemi ilə bağlı da dünya bölünüb və xristian dünyası bu məsələ ilə öz mövqeyini açıq –aşkar formada nümayiş etdirir. Bizlər də belə bir şəraitdə Qarabağla bağlı xristian dünayasında heç bir dəstək gözləyə bilmərik. Almaniyanın qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul etməsi, Roma Papasının Ermənistana səfər edərək eyni ilə işğalçı Sarkisyan kimi danışması deyilənlərə ən böyük sübutdur. Bu baxımdan Azərbaycan ən yaxın mütəfiqlərini müsəlman dünyasında axtarmalıdır. Aprel ayında baş verənlər də bunun bariz nümunəsidir. Qüds Gününün mahiyyəti də bundan ibarətdir ki, müsəlman dünyası bütövləşərək öz problemlərini birgə həll etməlidirlər.”
Tədbirdə sonra çıxış üçün söz ruhani alim Hacı Sərdar Hacıhəsənliyə verilib. İlahiyyatçı çıxışına Allah kəlamı ilə başlayıb. Allah Qurani Kərimdə öz Rəsuluna(s) (peyğəmbərə) xitabən buyurur: “Sən öz amalından, dinindən, Allahın prinsiplərindən vaz keçməyənə qədər, yəhudilər və xristianlar səndən razı qalmayacaqlar. Əgər sən bütün bunlardan vaz keçsən onlar sənlə razılaşacaqlar”. Allah buyurur: “Bunların sizinlə davası, əqidəniz, ideologiyanız, dininiz və varlığınıza görədir”.
Çıxışına davam edən ilahiyyatçı bildirib ki, İmam Xomeyni  Qüds Gününü elan etməklə bütün dünyanı İslami qardaşlıq prinsipi əsasına yönəltməyə çalışdı. Qüds Günündə müsəlmanların bir yerə toplaşaraq öz mövqelərini aydın şəkildə ortaya qoymaqlarını istədi. Qüdsün və onun timsalında işğal edilən bütün müsəlman torpaqlarının zəbt edilməsi ilə barışmayacaqlarını dilə gətirdi.

Hacı Sərdar Hacıhəsənli qeyd edib ki, bu gün müasir silahların və böyük güclərin köməyinə arxalanan ölkələr asanlıqla istənilər torpağı zəbt edə bilirlər: “Bir neçə onilliklərdir ki, işğala məruz qalan Fələstin xalqını düşmən yormaq istəyir. Öz torpağının zəbt edildiyinin şahidi olan və yaşlanan insanların dünyadan köçməsini, beləliklə də gələn nəslin işğalla barışdığını görmək istəyir. Bununla da, işğalçı zəbt etdiyi torpaqları özününküləşdirməyə çalışır. Lakin imam Xomeyni “Qüds Günü”nü elan etməklə həm fələstinliləri, həm də dünya insanlarını oyanış xəttinə çəkdi. Bəşər övladlarına bəyan etdi ki, əgər İslami qardaşlıq prinsipləri əsasında hər tərəfdən təklənmiş Fələstin xalqına kömək olunmasa, işğalçılıq meylləri daha da artacaq. İmam Xomeyni müsəlmanları birliyə, vəhdətə səslədi. Biz müsəlman olaraq İmam Xomeyninin bu çağırışını dəyərləndirməliyik və İslami qardaşlıq prinsiplərinə əməl etməliyik. Bu gün biz dünyaya nə qədər tolerantlıq nümayiş etdirsək, nə qədər yəhudilərin mənafeyinə xidmət göstərsək, nə qədər millətimizin boğazından kəsib böyük güclərin qarınlarını doyurmağa çalışsaq da, onlar  haqlı durumumuza uyğun qərar verməyəcəklər. Bu gün müsəlman xalqının yetərincə ziyalısı, mütəfəkkiri, döyüşən əsgərləri var. Müsəlmanların yeganə möhtac olduğu dəyər onların ümmət olaraq birləşməsi və öz mənafelərin qorumasıdır”.
Tədbirdə çıxış üçün söz verilən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova mübarək Ramazan ayının bərəkətindən və bu ayda ilahi rəhmətin ən geniş formada bəndələrinin halına şamil olmasından danışdı. O, bildirdi ki, bu ayda Allah özünün ən əziz qullarından olan Həzrəti İmam Əli(ə)-mı şəhadət şərbəti ilə özünə qovuşdurub. Məhz o böyük şəxsiyyətin şəhadətinin bu ayın ən müqəddəs gecələrinə təsadüf etməsi, mübarək Ramazan ayına da xüsusi bir özəllik verir. “
Sonra çıxış üçün söz Müsavat Partiyasının keçmiş başqanı, tanınmış siyasi xadim İsa Qəmbərə verildi. İsa bəy, çıxışı zamanı mübarək Ramazan ayının fəzilətindən və 
bu ayın insanlara bəxş etdiyi mənəvi dəyərlərdən danışdı. O, bildirdi ki, Azərbaycan xalqı özünün çətin vaxtlarında belə
daima dini dəyərlərini qoruyub saxlayıb. Və eyni halda Azərbaycan xalqının şüurundə və ürəyində müqəddəs şəxslərin, mömin insanların hörməti yüksək olub. Müqəddəs ayın günləri ilə bağlı bütün müsəlmanlara səadət və xoş arzularına qeyd edən İsa Qəmbər, Allahdan oruc tutan şəxslərin hər birinin oruclarının qəbul olunmasını dilədi.
Tədbirdə söz alan Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev mübarək Ramazan ayında belə bir tədbiri ərsəyə gətirdikləri üçün təşkilatçılara təşəkkürünü bildirib. Partiya sədri qeyd edib ki, kənardan baxdıqda dünyada baş verən proseslərin iqtisadi, etnik, mədəni mahiyyət kəsb etdiyini görmək olar. Lakin hadisələrin dərinliyinə getdikdə dünyada baş verən toqquşmaların dini əhəməyyət kəsb etdiyi məlum olur. Bu toqquşmaların səbəbi isə İslamın gücündə və üstünlüyündədir. Dünyanı idarə edənlər anlayır ki, İslam iri addımlarla insan zəkasını zəbt etməyə qadirdir. 
Əli Əliyev bildirib ki, İslam Partiyasının keçirdiyi tədbir dünya müsəlmanlarının ən müqəddəs yeri olan Qüdsün işğalını yenidən bəşəriyyətə xatırladır və gündəmə gətirir. Partiya sədri Qarabağ probleminin də dini mahiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qarabağın işğal edilən müsəlman torpağı olmasını dünyaya çatdırmayacağımız təqdirdə, tərəfdarlarımızın sayının az olacağını, qələbənin isə uzaqlaşacağını vurğulayıb. İslam ümmətinin bir olması ilə qələbənin yaxınlaşacağına diqqət çəkib.
Tədbirdə Ağ partiyanın sədri Tural Abbaslı da çıxış edərək Ramazan ayının müsəlmanların həmrəyliyi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini deyib.  Tezliklə  Fələstin, Suriya, İraq, Azərbaycan və digər işğalda olan müsəlman torpaqlarının  azad edilməsini arzulayıb.  Bu cür iftar tədbirlərinin həmin torpaqlarda təşkil olunmasını diləyib./islaminsesi


  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News