Atatürk aeroportuna hücumunda əli olduğu güman edilən şübhəlilər arasında bir Azərbaycan vətəndaşı da var.
Arannews- İstanbul Atatürk Hava Limanında iyunun 28-də üç intiharçı terrorçu tərəfindən törədilmiş terror hücumunda əli olduğu güman edilən şübhəlilər arasında bir Azərbaycan vətəndaşı da var.
Bu haqda “Kavkazskiy uzel” portalı İstanbulda hakimiyyətlə əməkdaşlıq edən insan haqları təşkilatlarından birində işləyən Dağıstan sakininə istinadən yazır.
Bildirilir ki, Atatürk Hava Limanına terror hücumu ilə bağlı İstanbulda reydlər davam edir. İstanbul polisi intiharçı-terrorçuların Türkiyəyə saxta pasportla gəldiyini bildirir və hazırda terrorçulara saxta sənəd təşkil edənlər müəyyənləşdirilir.
Şahidlərin bildirdiyinə görə iyunun 30-da səhər saatlarında İstanbulun müxtəlif rayonlarında antiterror polisi terror hücumunda əli olduğu təxmin edilən şübhəlilərin yaxalanması üçün əməliyyat keçirib. “Reydlər Pendikdə, Aksarayda və Qayaşehirdə keçirilib. İnsanları polis bölməsinə, oradan deportasiya təcridxanalarına aparıblar. Mənə beş nəfərin saxlanıldığı məlumdur. Onların arasında 3 dağıstanlı, 1 Çeçenistan sakini və bir Azərbaycan vətəndaşı var”, - mənbə bildirib.