Tarix : 2016 Jul 05
Kod 49528

Bəşər Əsəd, Suriya böhranı ilə bağli müsahibə verib

Suriya prezidenti Avstraliyanın SBS televiziyasına verdiyi müsahibəsində, həllin suriyalılar arasında keçiriləcək siyasi dialoqda olduğunu deyib.
Suriya prezidenti Bəşər Əsəd aralarında mülki şəxslərin də olduğu yüz minlərlə insanın həlak olması ilə nəticələnən Suriya böhranının sona yaxınlaşdığına dair əlamətlərin üfüqdə görünməyə başladığını söyləyib. O, həllin aydın və sadə olmasına baxmayaraq, mümkünsüz kimi görünmədiyini sözlərinə əlavə edib.
AranNews, “SANA”-ya istinadən xəbər verir ki, Əsəd Avstraliyanın SBS televiziyasına verdiyi müsahibəsində, həllin suriyalılar arasında keçiriləcək siyasi dialoqda olduğunu deyib. O, ancaq eyni zamanda Suriyadakı terror və terrorçularla mübarizə etmədən həllin qeyri-mümkün olduğunu vurğulayıb.
Bəşər Əsəd Qərb ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi region ölkələrinin terrorizmə verdikləri dəstəyi kəsmək istəməməsi səbəbilə həllin qeyri-mümkün olduğunu vurğulayaraq, belə danışıb: "Terrorçulara verilən hər cür maddi-texniki dəstəyin dayandırılması və suriyalıların konstitusiya, Suriyanın və siyasi rejimin gələcəyini müzakirə edəcəkləri bir dialoqu başlatmaları vəziyyətində həll yaxındır".
Əsəd Raqqa şəhərinin Hələb, Dəməşq və digər bütün Suriya şəhərləri qədər əhəmiyyətli olduğunu deyib. Terror qruplarının yaratdığı təhlükənin işğal etdikləri torpaqla əlaqəli olmadığını və ənənəvi bir müharibənin də aparılmadığını deyən Əsəd, problemin həmin terror qruplarının öz ideologiyalarını olduqları bölgədəki insanların beyinlərinə yeritməklə bağlı olduğunu bildirib.
Əsəd müsahibədə, kütlələri inancları üzərindən hərəkətə gətirmənin təhlükəsinə də işarə edərək belə danışıb: "Hərbi baxımdan Raqqaya çatmaq çətin deyil, məsələ vaxt məsələsidir və biz bu istiqamətdə hərəkət edirik".
Müharibədən bəhs edildiyi vaxt, jurnalistin düşmənlərin nə edə biləcəyi barədə verdiyi sualına isə Əsəd belə cavab verib: "Bu məsələ Türkiyənin və xüsusən də Ərdoğanın elədikləri və terror qruplarına verdiyi dəstəklə birbaşa əlaqəlidir".
Suriya prezidenti qeyd etdiyi bölgəyə bir neçə həftə və ya bir neçə ay ərzində çatmağın mümkün olduğunu vurğulayıb O, ancaq Türkiyənin terrorçulara verdiyi dəstək göz önündə saxlanılmadan veriləcək hər hansı bir qərarın da reallıqdan və obyektivlikdən uzaq olacağını deyib.
Bəşər Əsəd Suriya qüvvələri ilə Hizbullah arasında hər hansı bir münaqişənin olmadığını, əksinə, Hizbullahın Suriya ordusunu dəstəklədiyini qeyd edib: "Hizbullah Rusiyanın dəstəyilə Suriya ordusunun qarşısında yox, yanında vuruşur".
Suriya prezidenti Tehranda Suriya, Rusiya və İran müdafiə nazirləri arasında keçirilən görüşün terrorla mübarizə məsələsində koordinasiyanın olmasının sübutu olduğunu diqqət çəkib.
Əsəd açıqlamasında, əlinə silah alıb vətəndaşlara, mal və mülklərinə hücum edən, terror həyata keçirən və insanları qorxudan qrupları müxalifət saymayacaqlarını bir daha vurğulayıb: "Müxalifət digər ölkələrin adından vəkilliyini edən qruplar deyil. Suriyalı olmaları və siyasi vasitələrdən istifadə etmələri lazımdır".
Suriya prezidenti atəşkəsin hələ də qüvvədə olduğunu, bir çox bölgədə tətbiq olunsa da, bəzi bölgələrdə tətbiq olunmadığını, terror qruplarının atəşkəsi hər gün pozduğunu söyləyib: "Hökumət qüvvələrinə hücum edən terrorçulara cavab vermək haqqımızdır".
Suriya böhranının necə başladığına dair jurnalistin verdiyi suala isə Bəşər Əsəd belə cavab verib: "İslahat istəyən insanların etiraz aksiyası keçirdiklərini inkar etmək olmaz. Bunların hamısının terrorçu və ya muzdlu əsgər olmadığını bildirərək, nümayişçilərin çoxunun, təbii ki, real nümayişçilərdən danışmıram, nümayiş keçirmək üçün Qətərdən pul alırdı. Daha sonra silahlı aksiyalar keçirmək üçün pul almağa başladılar. Divara yazı yazdığı üçün həbs olunan uşaqların hekayəsi isə qondarmadır və belə bir şey heç vaxt olmayıb".
Suriya hökumətinin 2000-ci ildə rəsmi olaraq islahatlara başladığını deyən Əsəd, tələb edilən bütün islahatların böhranın başlamasından sonra aparıldığını və bunun da məsələnin islahatlarla əlaqə olmadığının göstəricisi olduğunu deyib.
Əsəd bəzi nazirlərin hökumətdən ayrılmalarına Səudiyyə Ərəbistanının, bəzi hallarda isə Fransanın istəyi təsir etdiyini deyərək, həmin nazirlərin bu ölkələrə bağlı sözdə "müxalifətə" qoşulduqlarını, Suriya üçün heç bir dəyərə malik olmadıqlarını bildirib. O, hökumətdən ayrılan həmin nazirlərin Suriyadakı vəziyyətə təsir etmədiyini ifadə edib.
Suriyalı bütün tərəflərlə dialoqu dəstəklədiklərini deyən Əsəd, indiyə qədər danışıqların başlamadığını və suriyalılar arasında danışıqların aparılmadığını, yalnız BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura ilə danışıqlar aparıldığını bildirib.
Rusiya və İranın dediyi kimi Əsədi dəstəkləmədiklərini diqqət çəkən prezident, hər iki ölkənin Suriyaya verdiyi dəstəyin ümumi vəziyyətlə bağlı olduğunu qeyd edib. O, Suriyadakı xaosun regionda domino effekti yarada biləcəyini, bunun da qonşu ölkələrə, İran, Rusiya və Avropaya təsir edə biləcəyini vurğulayıb.
Bəşər Əsəd Suriyanı müdafiə edən İran və Rusiyanın, eyni zamanda sabitliyi, ölkələrinin sabitlik və mənafelərini müdafiə etdiyini bildirib. O, Rusiya və İranın Suriya xalqını müdafiə etdiyini vurğulayıb.
Suriya ilə ABŞ arasında birbaşa və ya dolayı yolla dialoq olub-olmadığı mövzusunda jurnalistin verdiyi suala isə Əsəd belə cavab verib: "Avropa Birliyi ilə heç bir dialoqumuz yoxdur. Lakin müxtəlif kanallar vasitəsilə bir dialoqumuzun olduğu deyilə bilər. Onlardan soruşsanız inkar edəcəklər, elə biz də inkar edəcəyik. Fərqli kanallarla aparıldığını deyə bilərəm"
Bu kanalların kimlərin olması barəsində isə Əsəd belə danışıb: "Dünya ölkələrini gəzən iş adamları Avropa və ABŞ rəsmilərilə görüşürlər, müəyyən mesajlar çatdırmağa çalışırlar. Ancaq ciddi bir şeyin olduğunu demək olmaz. Çünki ABŞ rəhbərliyinin Suriya böhranını həll etmək məsələsində ciddi olmadığına inanırıq".
Bəşər Əsəd 50 amerikalı diplomatın imzaladığı və Suriya ordusuna qarşı hücum etmə çağırışı olunduğu bəyanata əhəmiyyət vermədiklərini söyləyərək, Amerika rəhbərliyinin həmişə müharibə himayədarı olduğunu, məsələnin bəyannamə ilə deyil, aparılan siyasət və hərəkətlərlə əlaqəli olduğunu dilə gətirib.
Hazırkı Amerika rəhbərliyinin əvvəlki hakimiyyətlər arasındakı fərqinə toxunan Əsəd belə deyib: "Buş rəhbərliyi hərbi qüvvələrini göndərmişdi, hazırkı rəhbərlik isə muzdlu əsgərlərini göndərib. Böhranın əvvəlindən etibarən Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin etdiklərini görməməzliyə vurur".
"Növbəti addımlar nə olacaqdı?" şəklində jurnalistin verdiyi suala isə Əsəd belə cavab verib: "Sonrakı addımları nədir? Nə etmək istəyirlər? Heç bir şeyə nail ola bilmədilər. İraq, Liviya, Yəmən və Suriyada uğursuz oldular. Xaos yaratmaqdan başqa bir şey etmədilər. ABŞ daha çox xaos yaratmaq istəyirsə, bunu edə bilər. Lakin problem həll olunurmu? Xeyr".
Əsəd ABŞ prezident seçkiləri məsələsində verilən suala cavabında Amerika prezidentlərinə güvənmədiyi, seçki kampaniyalarında dediklərilə prezident olduqdan sonra dediklərinin bir-birinə zidd olduğunu ifadə edib.
Əsəd ABŞ-la problemlərinin olmadığına diqqət çəkərək, ABŞ-ın Suriyanın düşməni olmadığını, ərazilərini də işğal etmədiyini deyib.
"ABŞ-la aramızda 70-ci illərdə anlaşmazlıqlarımız var. Lakin ABŞ-la əməkdaşlıq etdiyimiz dövlər də olub. Ona görə bu əməkdaşlığın əleyhinə deyilik". Bəşər Əsəd əməkdaşlığın yalnız ABŞ-ın maraqları üzərində deyil, ortaq maraqlar üzərində qurulmalı olduğunu vurğulayıb.
  • Yazılıb
  • da (də) 2016 Jul 05
  • Göndərən مدير سايت Aran News