Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidi yaxınlığında intihar hücumu təşkil olunub.
AranNews, “deyerler.org”-ya istinadən xəbər verir ki, Peyğəmbər (s) məscidi yaxında baş verən partlayışda 6 nəfərin həlak olduğu, 10 nəfərin yaralandığı bildirilib. Həlak olanlardan 2-nin mülki vətəndaş olduğu qeyd olunub.
Partlayışdan sonra hadisə yerindən tüstülərin yüksəldiyi görünür. Hadisə yerinə xeyli sayda təcili yardım və polis qüvvələri cəlb edilib. Rəsmi orqanlardan isə hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib.
Eyni vaxtda Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Qətif şəhərindəki Şey Fərəc Əl-Əmran məscidinə 2 intiharçı terrorçu tərəfindən hücum həyata keçirilib. Şahidlərin sözlərinə görə, ilk partlayış avtodayanacaqda, ikincisi isə məscidin yaxınlığında baş verib. Hadisədə ancaq intiharçı terrorçuların öldüyü bildirilib.
Qeyd edək ki, dünən gecə ABŞ-ın Ciddədəki baş konsulluğunun yaxınlığında intihar hücumu təşkil olunmuşdu və hücumda 2 polis xəsarət alıb.