Tarix : 2016 Jul 08
Kod 49569

Ermənistan öz müttəfiqləri tərəfindən də dəstəklənmir

Aprel hadisələri Ermənistan siyasi hakimiyyətinin gücü, həmçinin bu dövlətin və ordusunun qüdrəti barədə yaratdığı mifi darmadağın etdi.
AranNews-un məlumatina gorə, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki kiçik bir qrupunun əks-hücumu qarşısında davam gətirə bilməyən, yüzlərlə canlı qüvvəsini, hərbi texnikasını itirən, təşviş içində öz mövqelərini qoyub qaçan düşmənin gücsüzlüyü tam çılpaqlığı ilə üzə çıxdı.
Ermənistan hərbçilərinin qorxaqlığı ilə yanaşı, düşmən ordusunun maddi-texniki təchizatının, silah-sursatla təminatının da təbliğ edildiyi kimi yüksək səviyyədə olmadığı əyan oldu.
Ən nəhayət, “dördgünlük müharibə”də sarsıdıcı zərbə alan Ermənistan rejimi beynəlxalq ictimaiyyətin, hətta müttəfiqlərinin də dəstəyindən məhrum oldu. Belə ki, aprel hadisələrinə qədər S.Sarkisyan və ətrafındakı hərbi cinayətkarlar Ermənistan vətəndaşlarına şirin yalanlar çatdırır, özləri də bu yalana inanırdılar.
Onlar hesab edirdilər ki, əgər Azərbaycan işğal altındakı torpaqlarını hərbi yolla azad etmək istəsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlər, xüsusən də Rusiya dərhal proseslərə hərbi müdaxilə edəcək, ermənilərin tərəfini tutacaqlar.
Lakin aprel hadisələri zamanı bunların tamam əksi baş verdi. Təşkilatda təmsil olunan Qazaxıstan İrəvanda keçiriləcək rəsmi tədbiri təxirə saldı, bir neçə gün sonra isə qazaxıstanlı iş adamlarının Ermənistanda baş tutacaq digər bir tədbirə qatılmalarını da əngəllədi. Təşkilatın digər üzvü Belarus da faktiki olaraq Azərbaycanın tərəfini tutdu.
Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan prezidentinin yalnız Rusiya dövlət başçısına yalvarışlarının ardınca rəsmi Moskva hər iki tərəflə atəşkəsi bərpa etmək üçün danışıqlara başladı. Atəşkəs bərpa ediləndən sonra Ermənistanın əldən verdiyi strateji yüksəklikləri geri qaytarmaq cəhdləri də alınmadı. Heç bir beynəlxalq təşkilat, yaxud da dövlət bununla bağlı Azərbaycanı qınayacaq mövqe nümayiş etdirmədi.
“Dördgünlük müharibə” Dağlıq Qarabağ probleminin “dondurulmuş münaqişə” olmadığını da üzə çıxardı, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən sülh danışıqları intensivləşdirildi.
Bu münasibətlə prezidentlərin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərində Azərbaycanın mövqeyinə, milli və dövlətçilik maraqlarına uyğun əhval-ruhiyyədə danışıqlar baş tutdu. KTMT Xarici İşlər Nazirləri (XİN) Şurasının srağagün Ermənistanın paytaxtı İrəvanda keçirilən toplantısında da münaqişənin həlli baxımından Azərbaycanın maraqlarını ifadə edən fikirlər səsləndirildi, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edildi.
Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan toplantının yekunları ilə bağlı keçirdiyi brifinqdə məlumat verdi.
O, bildirdi ki, bəyanatda Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstək ifadə olunub. Bəyanatda qeyd olunub ki, XİN rəhbərləri Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək, ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırlar.
politoloq Rasim Musabəyov deyib ki, Ermənistan hakimiyyəti İrəvanda keçirilən KTMT XİN Şurasının toplantısında öz mənafeyinə uyğun sənədin qəbul edilməsində maraqlı olub. Onun fikrincə, Ermənistan üzv olduğu təşkilatdan özünə bu yolla dəstək almaq üçün çox çalışıb. Lakin rəsmi İrəvan buna nail ola bilməyib: “İslam Əməkdaşlıq Təşkilatı və sair bu kimi İslam dövlətləri birliklərinin, həmçinin türk dövlətləri toplumunun qəbul etdiyi bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinə münasibətdə birmənalı olaraq Azərbaycan dəstəklənir.
Azərbaycanın üzv olduğu, toplantılarında iştirak etdiyi bütün bu təşkilatlarda ərazi bütövlüyümüz dəstəklənir, öz müqəddəratını təyinetmə məsələsi heç gündəmə gətirilmir. Amma gəlin, srağagün Ermənistanda keçirilən toplantıya da fikir verək. KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının sonunda qəbul edilən bəyanatda münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli məsələsi əksini tapıb. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın istəyi, arzuladığı, heç özünün üzv olduğu təşkilatdakı dövlətlər tərəfindən dəstəklənmir. Buna da səbəb ermənilərin beynəlxalq hüquqa sığmayan tələbləri, istəkləridir.
Düşünmürəm ki, rəsmi İrəvan sözügedən toplantının sonunda məhz belə bir mətnlə bəyanatın qəbulunda maraqlı olublar.
Ancaq həmin toplantıda Qazaxıstan və Belarus kimi Ermənistanın iddialarını qəbul etməyən ölkələrin olması, sonda belə bir bəyanatın qəbul edilməsinə səbəb olub. Bu, birinci belə hal deyil. Aprel hadisələri də sübut edirdi ki, Ermənistanın KTMT-yə bəslədiyi ümidlər əsassızdır”.
Politoloq Fikrət Sadıxov isə hesab edir ki, Ermənistanın da üzv olduğu KTMT-də Azərbaycana yaxın, strateji tərəfdaş dövlətlər təmsil olunur. Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanla ölkəmiz arasında hər iki tərəfin maraqlarına cavab verən, yüksək səviyyəli münasibətlər var.
Siyasi şərhçinin sözlərinə görə, bu dövlətlərin olduğu yerdə Azərbaycana qarşı olan, milli və dövlətçilik maraqlarımızın əleyhinə işləyən hər hansı qəti qərar qəbul etmək qeyri-mümkündür: “Ermənistanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi, həmçinin bu toplantının sonunda qəbul edilən bəyanatın mətni söylənilənləri bir daha təsdiq edir.
Onu da nəzərdən qaçırmaq olmaz ki, mayın 16-da Vyanada, iyunun 20-də Sankt-Peterburqda prezidentlərin iştirakı ilə keçirilən görüşlərdə hansısa planların cızıldığı, təkliflərin hazırlandığı barədə məlumatlar var idi. Bu təkliflər Madrid və Kazan prinsipləri əsasında, münaqişənin mərhələli həllini nəzərdə tutur. Bu da nəinki bizim maraqlarımızı, eyni zamanda beynəlxalq hüququn prinsiplərini də özünə ehtiva edir. Bütün bunları nəzərə alsaq, İrəvanda keçirilən toplantının sonunda qəbul edilən bəyanat tam məntiqə uyğundur. Sözügedən bəyanatda xalqların öz müqəddəratını təyin etmək prinsipləri də əksini tapıb.
Ola bilsin ki, kimsə bunu Azərbaycanın əleyhinə işləyən bənd kimi qəbul etsin. Lakin nəzərdən qaçırmaq olmaz ki, heç bir müqəddəratını həll etmək prinsipi dövlətin, ölkənin ərazi bütövlüyündən kənar baş verməyəcək. Bu məsələ Helsinki Yekun Aktında, eləcə də beynəlxalq hüquq normalarında da xüsusi olaraq qeyd edilib. Bu, hüquqi və siyasi reallıqdır”. \kaspi.az\
  • Yazılıb
  • da (də) 2016 Jul 08
  • Göndərən مدير سايت Aran News