Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədri şahzadə Turki əl-Faysalın açıqlamalarına kəskin reaksiya göstərib.
AranNews-un verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə keçirilən İran Müxalifəti Konqresindəki çıxışında HƏMAS-ı və Fələstin müqavimətini hədəfə alan Faysalın açıqlamalarının İsrail işğalına xidmət etdiyini və onun bütün günahlarını təmizə çıxardığını bildirən HƏMAS, eyni zamanda dediklərinin də işğala xidmət edən böhtanlardan ibarət olduğunu qeyd edib. HƏMAS açıqlamasında bu böhtanların altında Fələstin xalqına qarşı kin və nifrət durduğuna diqqət çəkib.
HƏMAS-ın ötən gün verdiyi açıqlamada böhtanlarla HƏMAS-a zərər verməyə çalışmağın nəticə gətirməyəcəyi və boş bir səy olduğu vurğulanıb.
Açıqlamada bu ifadələrə də yer verilib: "Hər kəs bilir ki, HƏMAS Fələstin torpaqlarında işğala qarşı mübarizə aparan bir müqavimət təşkilatıdır. Bu müqavimətə qoşulanlar da tamamilə Fələstin xalqına mənsubdur, xalqlarının faydası, Qüds və Əqsa məscidi üçün mübarizə edən partizanlardır". /Eastnews.org/