İran ən inkişaf etmiş kosmik texnologiyalara malik ölkələrin siyahısına daxil olub.
AranNews-un məlumatına görə, bu barədə məlumatı nüfuzlu beynəlxalq təşkilat sayılan The SCIMAGO Journal & Country Rank paylaşıb.
Təşkilatın dünya kosmik məkanın öyrənilməsində daha irəli getmiş dünya ölkələrinin reytinqini açıqlayıb.
Reytinqə əsasən, bu sahədə Yaxın Şərq dövlətləri arasında birinci yer İrana məxsusdur ki, ümumiyyətlə, bu ölkə dünya siyahısında 11-ci pillədə qərarlaşıb. İslam respublikası Niderland, İsveç, Avstraliya, İspaniya və Yaponiya kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələri belə geridə qoyub.
İran bu il ərzində (İranda bu, martın 21-dən başlayır - red.) orbitə iki peyk buraxmağı planlaşdırır.
"Hazırda üç kosmik aparat - "Dusti" ("Dostluq"), "Nahid 1" ("Venera 1") və "Atsat" orbitə buraxılması üçün tam hazır vəziyyətdədir. Bu ilin sonuna qədər onlardan ikisinin orbitə buraxılması nəzərdə tutulub. Daha iki kosmik aparat - "Pars" və "Nahid 2" isə hazırlıq mərhələsindədir", - deyə İKA rəhbəri vurğulayıb.
Xatırladaq ki, İran "Omid" ("Ümid") adlı ilk peykini 2009-ci ildə orbitə buraxıb. Ardından "Səfir" raket daşıyıcısının vasitəsilə orbitə daha üç peyk buraxılıb.
Qeyd etmək lazımdır ki, artıq neçə illərdi İİR inkişaf etmiş kosmik texnologiyalara malik ölkələrin siyahısındadır.