Tarix : 2016 Jul 25
Kod 49759

AİLƏ QURMAQ BARƏDƏ TÖVSİYƏLƏR

Evlənmək ibadət məqsədilə də olsa, subay qalmaqdan daha yaxşidir.
Hansı qadınlarla evlənmək məsləhətdir?
AranNews- Ailə müqəddəsdir. Ailə qurmaq insan həyatında bəlkə də ən mühüm və məsuliyyətli addımdır.
Çünki insanın gələcəyi, mənəvi rahatlığı, nəsli, namusu – hər şey bu addımın düzgün olub-olmamasından asılıdır. Ölçüb-biçmədən, başdansovdu tələskənliklə qurulan ailələr ya bədbəxtliyə, ya da dağılmağa məhkumdur.
Islam müqəddəsləri ailə quran tərəflərin bu məsələyə tam ciddiyyətlə yanaşmalarını tövsiyə etmişlər. Hətta bəzi hədislərdə ailənin zəncirə, köləliyə bənzədilməsi də bu işin ciddiliyini qabartmaq məqsədi daşıyır. Imam Cəfər Sadiq (ə) buyururdu: “Qadın zəncirdir, baxın ki, özünüzü hansı zəncirə bağlayırsınız. Istər yaxşı, istərsə də pis qadının tayı-bərabəri yoxdur. Yaxşı qadının qiymətini qızıl-gümüşlə də ölçmək olmaz; çünki yaxşı qadın qızıl-gümüşdən də dəyərlidir. Pis qadın heç torpağa da tay tutula bilməz; çünki torpaq ondan yaxşıdır” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 144).
Islam böyüklərinin kəlamlarını incələyərkən hansı qadınlarla evlənməyin xeyirli olduğu barədə xeyli məsləhətlərə rast gəlirik. Aşağıda bunları xülasə etməyə çalışacağıq.

1. Dindarlıq
Bu xüsusiyyət barədə məqalənin bundan əvvəlki bölümündə məlumat vermişdik.

2. Əsil-nəcabət
Islam dini evləndiyiniz qadının əsil-nəcabətinə diqqət yetirməyə xüsusi önəm verir. Məlumdur ki, valideynin xarakterinin bir çox cəhətləri genetik olaraq övlada ötürülür. Üstəlik, övladın hansı ailədə böyüməsi və tərbiyə alması da çox şeyi həll edir. Doğrudur, bəzi hallarda istisnalar mümkündür. Necə deyərlər, Allah ölüdən dirini (yəni pisdən yaxşını) və diridən ölünü (yəni yaxşıdan pisi) çıxarmağa (törətməyə) qadirdir və tarixdə bu cür nümunələr az da olsa var. Amma əksər hallarda əxlaqsız, xəbis valideynin övladı da onun özünə oxşayır. Əksinə, nəcib, həyalı adam öz balasını da özü kimi tərbiyə edir. Qız uşaqları ilə bağlı məsələ daha ciddidir. Ata-babalarımız əbəs yerə deməyiblər: “Astarına bax, bezini al; anasına bax, qızını al”.
Islam müqəddəsləri müsəlmanlara məsləhət görürdülər ki, bir kəslə qohum olanda onun əsil-nəcabətinə diqqət yetirsinlər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Nəcib ailələrlə izdivac edin; çünki qan böyük təsirə malikdir”. Yəni unutmayan ki, evləndikdən sonra dünyaya gələcək övladınızın damarlarında sizin qanınızla yanaşı, həyat yoldaşınızın da qanı axacaq və o nəslin xüsusiyyətləri də qanla övladlarınıza keçəcək. Peyğəmbər kişilərə müraciət edərək buyururdu ki, ”nütfənizi yerləşdirmək üçün yeri diqqətlə seçin. (Yəni nütfənizi hansı qadının bətnində yerləşdirəcəyinizi yaxşı-yaxşı düşünün). Qadınlar adətən öz qardaşlarına və bacılarına bənzər uşaqlar doğurlar“ (bax: Kənzül-ümmal, hədis 44557 və 44559).
Islam Peyğəmbərinə mənsub edilən məşhur bir hədisdə buyurulur: “Xəzraüd-diməndən (yəni zibillikdə bitən otdan) uzaq olun”. Soruşdular ki, xəzraüd-dimən nədir? Həzrət cavab verdi: “Pis mühitdə böyüyən yaraşıqlı qadın” (Biharül-ənvar, 103-cü cild, səh. 232).
Diqqət yetirilməli məsələ budur ki, əsil-nəcabət deyərkən heç də varlı ailədən və ya ad-sanlı nəsildən evlənmək nəzərdə tutulmur. Əsil-nəcabət ailənin halal, saf, vicdanlı və əxlaqlı olması deməkdir.

3. Seyyidə qadınla evlənmək
Evlənərkən (və ya ərə gedərkən) Peyğəmbər nəslinə mənsub seyyid namizədə üstünlük vermək də məsləhətdir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub; ”Qiyamət günündə bütün evlilik və əsil-nəsəb bağlılıqları qırılacaq (fayda verməyəcək); yalnız evlilik və əsil-nə¬səb vasitəsilə mənə bağlılıqdan savayı“ (Süyuti. Əl-Cameüs-səğir, 6309-cu hədis).
Həzrət Mühəmməd Peyğəmbər (s) seyyidə qadınlarla evlənməyin xeyrini belə izah edirdi: ”Kişilər üçün ən yaxşı həyat yoldaşları Qüreyş soyundan olan qadınlardır. Çünki onlar öz ərlərinə qarşı çox mehriban, öz övladlarına qarşı çox rəhmlidirlər“.

4. Qızla evlənmək yaxşıdır, yoxsa dul qadınla?
Ötən bölümlərdə qız uşaqlarının həddi-büluğa çatdıqdan sonra tez ərə verilməsini təşviq edən hədisləri diqqətinizi təqdim etdik. Buradan aydın olur ki, dinimizdə bakirə qızla evlənmək daha məsləhətli sayılır. Çünki ərdə olub boşanmış və ya dul qalmış qadın adətən daha yaşlı olur, ömrünün ən təravətli dövrünü arxada buraxmış olur, bəzən birinci evlilikdən sahib olduğu övladı da özü ilə birlikdə ikinci ər evinə gətirir. Bütün bu hallar sonrakı evlilikdə tez-tez problemlər yaradır. Təkrar evlilik zamanı qadın ikinci ərini bundan əvvəlki həyat yoldaşı ilə müqayisə etmək imkanına da malik olur. Əgər bu müqayisə zamanı keçmiş həyat yoldaşının daha üstün olduğu qənaətinə gəlirsə və ehtiyatsızıq üzündən bu qənaəti hazırki ərinə çatdırırsa, ailədə ciddi narazılıqlar yaranır.
Əlbəttə, Islam tarixində müqəddəs şəxslərin dul qadınlarla evlənməsi barədə xeyli nümunələr vardır. Bu nümunələr dul qadınla evlənməyin heç də arzuedilməz hal olmadığını düşünməyə kifayət qədər əsas verir. Sadəcə olaraq, bunu nəzərə almaq lazımdır ki, həyatının ən təravətli illərini başqa bir kişi ilə yaşayıb sonra tək qalmış, yaşı ötmüş, hətta övlad sahibi olmuş qadına sahib çıxmaq, ona ailə xoşbəxtliyini bir daha duymaq imkanını vermək, ayrı-seçkilik salmadan onun balalarına atalıq etmək kişidən böyük ürək tələb edir. Hər bir kişi buna hazır və qadir ola bilməz. Bunu etmək üçün Həzrət Mühəmməd Peyğəmbər (s) kimi mənəviyyat, qayğı, məsuliyyət sahibi olmaq lazımdır.
Məhz bu baxımdan bəzi hədislərdə dul qadınla evlənmək hətta müsbət hal kimi təqdim edilir. Dul qadınla evlənmək yuxarıdakı mənfi nəticələrə səbəb olmaqla yanaşı, bəzi müsbət hallara da qapı aça bilər. Dul qadın adətən ailə təcrübəsinə malik olduğu üçün, təkrar evlilikdə öz həyat yoldaşı və onun yaxın qohumları ilə tez dil tapa bilir. Xüsusilə, kişinin əvvəlki izdivacdan uşaqları və ya kiçik bacı-qardaşları varsa, dul qadınla evlənməsi yerinə düşmüş olur. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsaridən soruşdu ki, niyə bakirə qızla deyil, dul qadınla evlənmisən? Cabir cavab verir: ”Evdə çoxlu bacım var. Dul qadın aldım ki, onlarla yaxşı yola getsin“. Peyğəmbər Cabirin bu cavabını bəyənib ona əhsən dedi.
  • Yazılıb
  • da (də) 2016 Jul 25
  • Göndərən مدير سايت Aran News