Tehran (AEBA) İranın nüvə proqramı ilə bağlı razılaşma ilə əlaqədar məxfi informasiyaları KİV-ə sızdırdığı üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə etiraz etmək niyyətindədir.
AranNews-un “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
Bundan əvvəl “Associated Press” agentliyi məxfi sənəd barədə məlumat yayıb. Sənəddə İranın nüvə proqrammı ilə bağlı əsas məhdudiyyətlərin 11-13 il sonra azaldılacağı əksini tapıb. B. Kamalvandi deyib ki, razılaşmanın bir hissəsi məxfidir və məxfi də qalmalıdır: “Bizim qənaətimizcə, informasiya AEBA-dən sızıb”.
Qeyd edək ki, keçən ilin iyulunda İran və “6-lar” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqrammı ilə bağlı tarixi razılaşma əldə edilib. Uzun danışıqlardan sonra Birgə Hərəkət Planı qəbul edilib. Bu plan İranın nüvə proqramının dinc xarakter daşımasının təsdiqini tapması qarşılığında Tehrana qarşı əvvəllər BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqının qəbul etdiyi iqtisadi və maliyyə sanksiyalarının tamamilə ləğv edilməsinin nəzərdə tutur.