Arannews- "Azərbaycan Rusiya və İranı birləşdirəcək "Şimal-Cənub" layihəsindən ən çox qazanan tərəf ola bilər. Belə ki, ölkədə nəqliyyatın bütün növlərindən - avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatından istifadə oluna bilər. Yüklərin bir nəqliyyat vasitəsindən digərinə yüklənməsi və boşaldılması isə tranzit ölkəyə böyük gəlir gətirir. Üstəlik, keyfiyyətli yollar əhəmiyyətli dərəcədə yüksək mənfəət təmin edəcək".
Bunu "Report"a açıqlamasında MDB ölkələrinin öyrənilməsi mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev bu il avqust ayının 8-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü və görüşün gündəliyindəki məsələləri şərh edərkən deyib.
"Hesab edirəm ki, əməkdaşlığın uzunmüddətli perspektivlərini, dünya arenasında üç paytaxtın qarşılıqlı münasibətini müzakirə etməyin vaxtı yetişib. Bu gün Azərbaycan qarşılıqlı münasibətlərin məkanı, belə desək, iki sivilizasiyanın təmas nöqtəsi ola bilər. Prezidentlərin yeni görüşünün Bakıda keçiriləcəyi təsadüfi deyil. Bu görüşdə iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi münasibətlərin imkanlarına prinsipial aydınlıq gəlməlidir", - deyə A.Karavayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında siyasi əlaqələr son 15 ildə ən yaxşı səviyyəyə çatıb. Xüsusən də İran və Rusiya Suriya problemini həll etmək üçün fəal əməkdaşlıq edirlər.
"Bununla yanaşı, indi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə uğurlu dövrdür. Bütün müşahidəçilər üç ölkənin mövqelərinin yaxınlaşmasını proqnozlaşdırır. Üstəlik, Türkiyəni də bura aid edirlər. Türkiyə Qərblə münasibətlərini birdəfəlik qırsa, Moskva-Ankara-Tehran ittifaqının yaranacağı yüksək ehtimallı olacaq. Azərbaycanın üzərinə isə strateji əlaqələndirici bənd rolu düşəcək. Hər şey dediyim məcrada baş versə, bu, Yaxın Şərqdə uzun müddətə qüvvələr nisbətini dəyişməyə qadir güclü regional ittifaq olacaq", - deyə ekspert bildirib.
Ölkələr arasında iqtisadi əməkdaşlıq məsələsinə toxunan A.Karavayev diqqətə çatdırıb ki, burada əsas məsələ nəqliyyat sferasında əlaqələrin qurulmasıdır.
"Əvvəllər olduğu kimi, Avrasiya məkanında malların əsas axını Çindən gəlir. İqtisadiyyatının zəifləməsi həm Çində istehsalçılara, həm də Avropa ölkələrində istehlakçılara təsir edir. Ona görə də "Şimal-Cənub" nəqliyyat dəhlizinin perspektivli istiqaməti Hindistandır. Hindistanın və İranın dəniz limanlarının sıx əlaqələri var və Hindistandan gələcək mal axını nəqliyyat dəhlizini əks istiqamətdə - cənubdan şimala doldura, perspektivdə isə Çin malları ilə rəqabət apara bilər. Şimaldan cənuba isə sənaye məhsullarının göndərilməsi planlaşdırılır", - deyə mərkəzin baş direktor müavini bildirib.
Onun sözlərinə görə, Rusiya, İran və Azərbaycan layihəyə böyük qlobal logistik şirkətləri cəlb edə bilsə, "Şimal-Cənub" layihəsinin reallaşma şansı əhəmiyyətli dərəcədə artacaq. "Yük axınının böyük hissəsi müəyyən böyük dövlətlərarası müqavilələr üzrə də həyata keçirilə bilər", - deyə analitik əlavə edib.