ARANNEWS- Azərbaycan və İran Rəşt-Astara dəmir yolu tikintisinə 500 milyon dollar həcmində kredit ayrılması məsələsi üzrə birgə işçi qrup yaradıblar.Bu barədə İranın Azərbaycandakı səfiri Mohsin Pakayin məlumat verib.
Onun sözlərinə görə, işçi qrupun ilk görüşü yaxın həftələrdə keçiriləcək.
M.Pakayin qeyd edib ki, Rəşt-Astara dəmir yolu tikintisi layihəsində Azərbaycanla yanaşı, Rusiya, Çexiya və Macarıstan da iştirak etmək istəklərini bildiblər.
Layihənin dəyəri 1 milyard dollardan artıq qiymətləndirilir və onun realizəsi Fars körfəzi ilə Rusiya və Şərqi Avropa arasında əlaqə yaradılmasına imkan verəcək.
Səfir həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolu məntəqəsi 2018-ci il üçün fəaliyyətə başlayacaq: "Azərbaycan Astarada dəmir yolu tikintisini 2016-cı ildə başa çatdıracaq ki, bundan sonra multimodal yük daşmalarına keçmək mümkün olacaq".
M.Pakayin vurğulayıb ki, bu layihə çərçivəsində daha bir dəmir yolu məntəqəsi - Qəzvin-Rəşt artıq 93 faiz hazırdır və 2017-ci ilin martında istismara veriləcək.