AİP-in sədr əvəzi: "Azərbaycan İslam Partiyasının referendumun keçirilməsinə münasibətləri müsbət deyil"
ARANNEWS- Hacı İlham Əliyev: “Qanunlarda dəyişiklik aparmaq məqsədilə referendum keçirmək heç də ümumxalq mənafeyə xidmət etmir. Əksinə qüdrətin inhisarçılığına gətirib çıxaracaq” Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum sentyabrın 26-da keçiriləcək.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir.
Sərəncamla Mərkəzi Seçki Komissiyasına referendumun göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırığı verilib. Prezident Əliyev İyul ayının 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalamışdı. Azərbaycan Konstitusiya Məhkəməsi, prezident Əliyevin təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək "müsbət rəy verib".
Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.
Sözügedən qərar ölkənin siyasi partiya və təşkilatları tərəfindən birmənalı formada qarşılanmayıb. Müxalif siyasi partiyalar hakimiyyət tərəfindən atılan bu addımı sərt tənqib edərək, belə bir qərarın ölkəni monarxiyaya sürüklədiyini söyləyiblər.
referenduma edilən dəyişiklərlə bağlı AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, Azərbaycan İslam Partiyasının sözügedən referendumun keçirilməsinə münasibətləri müsbət deyil.
Hacı İlham Əliyevin sözlərinə görə, hər bir sivil ölkədə qanunun aliliyin qorunması üçün ilk öncə qanunun icrasının qorunması lazımdır və şərtdir:
“Ümumxalq mənafe və maraqlar qorunmursa deməli qanunun özündə boşluqlar var. Belə olduqda qanun xüsusi fərdlərin maraqlarına xidmət edir. Bu halda qanunların aliliyindən danışmaq absurtdur. Qanunlarda dəyişiklik aparmaq məqsədilə referendum keçirmək heç də ümumxalq mənafeyə xidmət etmir. Əksinə qüdrətin inhisarçılığına gətirib çıxaracaq. Bu isə təbii ki , AİP- olaraq tərəfimizdən pislənilir”.