ARANNEWS- İran İslam Respublikası və Azərbaycanın Müştərək İqtisadi Komissiyalarının sədrləri İran prezidenti Həsən Ruhaninin Bakıya olacaq səfəri ərəfəsində iki ölkə prezidentləri tərəfindən imzalanacaq sənədləri araşdırıblar.Bakıda ekspertlərin iştirakı ilə keçirilən bu iclasda iki ölkə əlaqələrinin iqtisadiyyat, sənaye və mədəniyyət sahələri üzrə daha artıq inkişaf etdirilməsi habelə, İran-Azərbaycan dəmir yolunun təkmilləşdirilməsi məsələlərini araşdırıblar. İclasda həmçinin, avtomobilqayırma və dərman istehsalı, gömrük işlərinin sadələşdirilməsi, hava nəqliyyatı, enerji layihələri, kənd təsərrüfatı və özəl sektor üzrə əməkdaşlıqların genişləndirilməsinə təkid edilib. Həmçinin, qərara alınıb ki, ekspertlər səviyyəsində davam edəcək iclaslarda İran və Azərbaycan prezidentləri cənab Həsən Ruhani və cənab İlham Əliyev trəfindən imzalanacaq sənədlər hazırlansın.
Azərbaycanın iqtisadi inkişaf naziri və İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının azərbaycanlı sədri Şahin Mustafayev iki ölkə əlaqələrinin bütün sahələr üzrə sürətlə inkişaf etməkdə olduğuna işarə edərək, deyib: Ötən 2 il yarım ərzində nazirlər və daha yüksək səviyyədə 80-dən artıq səfər baş tutub və 30-dan artıq görüş keçirilib. Bu da iki ölkə əlaqələrindəki səmimiliyin nişanəsidir.
Ş.Mustafayev İran prezidentinin Azərbaycana olacaq səfərini tarixi və önəmli hadisə adlandıraraq, Azərbaycanın İran ilə əməkdaşlıqların həcmini və səviyyəsini artırmağa hazır olduğunu bildirib.
Şahin Mustafayev cari ilin ilk 6 ayında İran və Azərbaycan arasındakı ticarət mübadilələrinin həcminin 66% artdığını qeyd edərək, bunu iqtisadi əlaqələrdəki inkişafın aşkar nümunəsi adlandırıb.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri və İran - Azərbaycan Müşərək İqtisadi Komissiyasının iranlı sədri Mahmud Vaizi də öz növbəsində İran-Azərbaycan əlaqələrinin hazırkı durumunu ötən 25 il ilə müqayisədə misilsiz adlandırıb.
M.Vaizi İran prezidentinin cari həftənin əvvəllərində Azərbaycana olacaq səfərinin önəminə işarə edərək, deyib: Elə etməliyik ki, bu səfər hər bir baxımdan hər iki ölkə xalqı və rəsmiləri üçün son dərəcə səmərəli olsun.
O, İran, Azərbaycan və Rusiya prezidentlərinin Bakıda üçtərəfli görüşünün olacağına da işarə edib və deyib: Regionumuz səbatsızlıq və gərginlikdən əziyyət çəkir. İran və Azərbaycan isə daim regionda sülh və təhlükəsizlik ardınca olublar. Elə buna görə də üç ölkə başçısının Bakıda olacaq üçtərəfli görüşü region üçün böyük əhəmiyyət kəsb edir.
İranın rabitə və informasiya texnologiyaları naziri iclasın davamında iki ölkə əlaqələrinin bütün sahələr üzrə daha artıq inkişaf etdirilməsinə təkid edib.