ARANNEWS- İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin Bakıda azərbaycanlı həmkarı ilə görüşündə iki ölkənin rabitə sahəsi üzrə əlaqələrinin genişləndirilməsi yolları araşdırılıb.Mahmud Vaizi bu görüşün sonunda iki ölkə sərhədlərində müxtəlif mobil telefon operatorlarının dalğalarının üst-üstə düşməsi probleminin aradan qaldırılması, tranzit məqsədi ilə iki ölkənin rabitə xətlərindən qarşılıqlı şəkildə istifadənin edilməsi, səs və digər məlumatların ötürülməsi, birgə tədqiqatların həyata keçirilməsi, müştərək markaların çap edilməsi və poçt əməkdaşlıqlarını iki tərəf arasında razılaşdırılmış mövzulardan adlandırıb.
Vaizi əlavə edib: Azərspace peykinin gələn il fəzaya göndərilməsini nəzərə alaraq, İran və Azərbaycanın aero-kosmonavtika təşkilatları arasında birgə iclasın keçirilməsi və bu xüsusda birgə əməkdaşlıqların formasının müəyyən edilməsi barədə də razılıq əldə olunub.
İranın rabitə və informasiya texnologiyaları naziri həmçinin deyib: Elektron ticarət sahəsi ilə bağlı da qərara alındı ki, həm İran, həm Azərbaycan həm də Rusiya vətəndaşlarının birgə istifadəsinə imkan verəcək işlər həyata keçirilsin.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə də bu görüşün sonunda iki ölkənin poçt əlaqələri, kiber təhlükəsizlik, tezliklər və rabitə sektoru ilə bağlı digər sahələr üzrə əməkdaşlıqların genişləndirilməsi məsələsinin diqqət mərkəzində saxlanılmasından xəbər verib və deyib: Bu əməkdaşlıqlar iki ölkə arasında olan dost və qardaş əlaqələr sayəsində inkişaf etdiriləcək.
Hal hazırda iki ölkənin rabitə sektoru ilə bağlı əməkdaşlıqları əsasən poçt, elektronika, telefon və rominq sahələrini əhatə edir.