Azərbaycan prezidenti: İrana olan səfərimdən bir neçə ay sonra, İran prezidentinin Azərbaycana səfər etməsi iki ölkə əlaqələrinin yüksək səviyyədə olmasının nişanəsidir.
ARANNEWS- İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.İlham Əliyev bu görüşdə İran prezidentinin gələn həftə Bakıya olacaq səfərinə işarə edərək, deyib: Həsən Ruhani ilə görüş mənim üçün çox sevindirici haldır. İrana olan səfərimdən bir neçə ay sonra, İran prezidentinin Azərbaycana səfər etməsi iki ölkə əlaqələrinin yüksək səviyyədə olmasının nişanəsidir.
İlham Əliyev iki ölkə əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyərək, əlavə edib: Bu səfərin də çox səmərəli və konstruktiv nəticələri olacaq.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi də bu görüşdə İran prezidentinin səmimi salamlarını cənab İlham Əliyevə çatdıraraq, cənab Həsən Ruhaninin Bakıya olacaq səfərini son dərəcə mühüm adlandırıb.
Görüşün davamında tərəflər şimal-cənub dəhlizinin önəminə və iki ölkənin dəmir yollarının bir-birinə birləşdirilməsinin əhəmiyyətinə təkid edərək, bu layihələrin region ölkələri tərəfindən də müsbət qarşılandığını qeyd ediblər.