Pakistanın tanınmış ruhanisi Əllamə Racə Nasir Abbas Cəfərinin aclıq aksiyasının 84 –cü günündə ölkənin daxili işlər naziri Çudri Nisar Əli Xan xəstəxanada onunla görüşüb və aclıq aksiyası keçirən şəxslərin istəklərini yerinə yetirəcəyinə söz verib. AranNews xəbər verir ki, Pakistanın daxili işlər naziri Çudri Nisar Əli Xan cümə günü Əllamə Cəfərinin görüşündə ondan istəyib ki, aclıq aksiyasına son qoysun və söz verib ki, istəklərini yerinə yetirəcək. “Siz təkcə şiələrin deyil, bütün Pakistan xalqına aidsiz. Biz sizin istəklərinizin bir hissəsini Pəncab əyalətində yerinə yetirmişik. Bu işi davam etdirəcəyik və bir-birimizlə əməkdaşlıq çərçivəsində aclıq aksiyası keçirən şəxslərin istəklərinin hamısı təmin olunacaq”.
Əllamə Racə Nasir Abbas Cəfəri daxili işlər nazirinə xəstəxanada onu ziyarət etməsinə görə öz təşəkkürünü bildirib və deyib ki, aclıq aksiyanın dayandırılması məsələsini Müsəlmanların Vəhdət Məclisi Partiyasının mərkəzi şurasında digər qardaşlarla müzakirə edib nəticəsini sizə elan edəcəm.
Qeyd edək ki, Əhli-Beyt (ə) tərəfdarlarına qarşı Pakistanda hücumlar artdıqdan sonra Pakistan Müsəlmanları Vəhdət Məclisi Partiyasının rəhbəri Əllamə Racə Nasir Abbas Cəfəri və bir qrup digər partiya üzvləri May ayından aclıq aksiyasına başlamışdı.
Aksiyaçılar Pakistan hökumətindən ölkənin müxtəlif bölgəsində şiələrin öldürülməsinin qarşısını almaq üçün əlverişli addımların atılmasını, şiələrin qətliamına dair cinayət işlərinin hərbi məhkəməyə göndərilməsini, Pəncab əyalətində şiələrin əzadarlıq məclislərinə qoyulan məhdudiyyətlərin qaldırılmasını, təkfirçi qrupların fəaliyyətinin qadağan olunmasını, şiələrə məxsus torpaqların dövlət tərəfindən mənimsənilməsinin dayandırılmasını və onların öz sahiblərinə qaytarılmasını və s. tələb edirlər.
Xatırladaq ki, Əllamə Cəfəri aclıq aksiyası başlandığı gündən indiyədək 34 kilo çəki itirib. Onun səhhətində ciddi və təhlükəli durum yaranıb. /Maide.Az/