İŞİD terror təşkilatının Sina yarımadasındakı “Ensar Beyt Əl-Makdis” qrupunun lideri öldürülüb.
AranNews, xəbər verir ki, bu barədə Misir hökuməti açıqlama yayıb.
Açıqlamada deyilir ki, Sina yarımadasının şimalındakı Əl-Ariş şəhərində İŞİD-ə qarşı keçirilən hərbi hava əməliyyat zamanı təşkilatın bu bölgə üzrə lideri başda olmaqla, 45 terrorçu məhv edilib.
Hava əməliyyatı nəticəsində İŞİD-in Əl-Ariş şəhərində qurduğu gizli silah anbarları və təlim düşərgələri də vurulub.
Xatırladaq ki, İŞİD-ə bağlı olan “Ensar Beyt Əl-Makdis” terror dəstəsi 2015-ci ilin 31 oktyabrında Rusiyaya məxsus olan və Şarm Əl Şeyx-Sankt-Peterburq reysini həyata keçirən sərnişin təyyarəsinin vurulmasında məsuliyyəti öz üzərinə götürmüşdü.
Həmin sərnişin təyyarəsinin qəzası nəticəsində 224-dən çox insan həlak olmuşdu. /RealnieNovosti/