Bu mövlud münasibətilə Hz.Mehdi Sahib əl-Əsr vəz-Zaman (ə.f) başda olmaqla bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.
AranNews- Zilqədə ayının 11-də (bu il üçün sentyabrın 17-i) İmamətin 8-ci nuru İmam Rzanın (ə) mübarək mövludu günüdür.
İmamın mübarək adı Əlidir. Rza - ən məşhur ləqəbidir.
İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının mənəvi qayəsinin davamçısı olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir. İmam Rzanın (ə) həyatına nəzər yetirsək, başdan-başa İlahi məqam və sonsuz hikmət görərik. Həyatının hər bir səhnəsində Allaha ixlaslı bəndəlik nümunəsi görərik.
İmam Rzanın (ə) atası 7-ci imam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə.). Azərbaycan insanına xüsusi lütf inayət onunla bağlı olunub ki, İmam Rzanın (ə) 2 bacısının - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır.
Bu mübarək tarix münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, Uca Allahdan dünyada İmam Rzanın (ə) ziyarətini, axirətdə şəfaətini nəsib etməsini diləyirik.
***
Gəldim ki edim həmd deyim zikr-u səna, hu
Gördüm ki bu dərgəhdə məni ötmüsən Ahu!
Şərməndəyəm insan dili əlkəndi bu yerdə
Dilsizcə bu sirri sən özün söyləsən Ahu!
Çoxları deyir aşiqəm amma hani himmət?
Himmətdə olammaz sənə tən hər yetən Ahu!
Çoxları şəfa, dərdə dəva alıdı vəlakin
Təkcə sənə zaminlik edib Bulhəsən(ə) Ahu!
Pabusuna çoxdandı mənə izn verilmir
Olmuş ürəyim guşeyi beytül-həzən Ahu!
Min dəstə qoşur növhə, vurur sinəyə məndə
Hər bəndi sızıldar neyə bənzər bu tən Ahu!
Sən özbaşına dərgəh-i sultanə sığındın
Amma mənə hami-di Şəh-i Bikəfən Ahu!
Gər həzrət-i eşq etsə mədəd daş da sızıldar
Dilsizdə gələr nütqə deyər bu suxən, Ahu!
-Ey şah, Qəribəl-qürəba mən də dəxiləm
Amma nə quşam mən nə qəribəl-vətən Ahu!
Ey kaş yol üstündəki torpaq mən olurdum
Məndən sovuşurdu sənə sarı gələn Ahu!
Ey məmən-i əmnində pənahəndə göyərçin
Ey sayey-i ədlində bəri zülmdən Ahu!
Ağa məni dərk eylə ki dünyada əsirəm
Nəfsimdi şəqavət dolu səyyad, mən Ahu!
...............................
Abdullah Bəhrul-Ülumi