tədbirdə Azərbaycann tanınmış ruhani alimləri, Əhli-beyt aşiqləri, məddahlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Arannews- Müsəlmanların imamı, vilayət səmasının 8-ci ulduzu İmam Rza (ə)-ın mövludu İslam dünyası tərəfindən bayram kimi qeyd olunur. İslaminSesi xəbər verir ki, bu münasibətlə Azərbaycan İslam Partiyasının (AİP) təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Sumqayıt şəhərində təşkil olunan tədbirdə ölkənin tanınmış ruhani alimləri, Əhli-beyt aşiqləri, məddahlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
tədbirdə öncə Qurani-Kərim tilavət olunub. Daha sonra tədbirin aparıcısı Xəyal Şükür İmam Rza (ə) –ın mövlud günü münasibəti ilə başda İmam Zaman(ə.f) olmaqla bütün Əhli-Beyt(ə)sevərləri təbrik edib. Ardınca isə giriş üçün sözü AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verib.
İlahiyyatçı da öz növbəsində imamın mövlud günü münasibəti ilə bütün möminləri təbrik edib. Hacı İlham Əliyev İmam Rza (ə)-ın keçdiyi həyat yolu, pak və uca şəxsiyyəti, fəzilətləri haqqında danışıb. İlahiyyatçı alim İmam Rza (ə)-dan günümüzə çatan hədisi tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Mömin 3 xüsusiyyətə malik olduqdan sonra iman həddinə yetişə bilər. 1) Mömin öz Rəbbindən olan sünnəyə (xüsusiyyətə) malik olmalıdır. 2) Özündə Peyğəmbərin sünnəsini canlandırmalıdır. 3) Allahın höccətindən olan xüsusiyyəti özündə cəm etməlidir. Möminin Allahdan olan xüsusiyyəti ondan ibarətdir ki, öz sirrini gizli saxlamağı bacarsın. Hər bildiyini aləmə açıqlamasın və daima sirr saxlasın. Möminin peyğəmbərdən olan xüsusiyyəti ondan ibarətdir ki, insanlarla xoş və gözəl rəftar etmək qabiliyyətinə malik olsun. Çünki İslam Peyğəmbərinin bütün insanlarla, hətta onun gətirdiyi dini qəbul etməyən şəxslərlə də gözəl ünsiyyəti və səmimiyyəti olub. Məhz bu cür münasibətin nəticəsində öncə Peyğəmbərin dinini qəbul etməyənlər, sonradan İslama təslim olublar. Allahın höccətinin xüsusiyyətinin möminlərdə cəmləşməsi isə, onların bütün çətinliklərə səbr nümayiş etdirmələrinə işarədir. Yəni mömin çətinliklər qarşısında səbr nümayiş etdirməklə Allahın höccət xüsusiyyətini özündə cəmləşdirməyi bacarmalıdır. Nə qədər ki, iman əhli bu xüsusiyyətləri özündə cəmləşdirməyib, insan əsl mömin ola bilməz. Mömin həm sirr saxlamalı, həm insanlarla gözəl rəftar etməli, həm də səbrli və dözümlü olmalıdır”.
Daha sonra bayram tədbirində çıxış üçün söz ruhani alim Hacı Əli Behiştiyə verilib. İlahiyyatçı zamanın imamı (ə.f) başda olmaqla bütün Əhli-beyt aşiqlərini və məclisə təşrif buyuran iman əhlini mövlud münasibəti ilə təbrik edib.
İlahiyyatçı bildirib ki, ustadlar hər zaman 14 məsumdan mənəviyyat sahəsində istifadəni tövsiyyə ediblər: “ Bütün imamlarımız mehriban və raufdurlar. Lakin ustadlar da nəql edirlər ki, imam Rza (ə)-ın mehribanlığı bir az üstündür. Hər kəs imamı ziyarət edərsə mənəvi baxımdan əli dolu geri qayıdar”.
Hacı Əli Behişti sözlərini davam etdirərək bildirib ki, hər kəs əlini Əhli-Beytdən(ə)götürərsə, sonu zəlalətdir: “Dünyanın hər yerində İŞİD təşkilatı terror törədir və günahsız insanları öldürür. Lakin özünü İslam dininə aid edən İŞİD üzvləri namaz qılaraq, özlərini Allaha ibadət edən kimi göstərirlər. Onların ən böyük problemləri isə təfəkkürlərindədir. Çünki əllərini Əhli-Beytin(ə) əlindən götürüblər. Ona görə də, zəlalətə məhkumdurlar. Biz çalışmalıyıq ki, kamala yetişək və Allaha yaxşı bəndə olaq. Həqiqi abid çox güclü təfəkkürə sahib insanlardır”.
Mövlud məclisində çıxış edən ilahiyyatçı alim Hacı Sahib Məmmədov qeyd etdi ki, Allah Əhli-Beytə(ə) məhəbbəti vacib buyurub: “İnsan var ki, onu sevməmək
mümkündür. Amma 14 məsum elə insanlardır ki, Allah bu insanlara məhəbbəti vacib buyurub. Elə insanlar var ki, onları tanımamaq olar. Lakin Allahın vacib buyurduğu insanları tanımamağın eybi vardır. İnsan bir ömür yaşayıb Peyğəmbəri, Həzrət Əli (ə)-ı, İmam Rza (ə)-ı tanımasa bu çox böyük eybdir. Allahın bizə böyük lütfüdür ki, Əhli-Beyti(ə) tanıyıb sevməyi nəsib edib. Allah Əhli-Beyti(ə) insanlar üçün qapı qoyub. Onların mərifət və məhəbbəti bizim üçün bir qapıdır. Allah öz bəndəsini özünə tərəf dəvət edərkən, Əhli-Beyti(ə) qapı qoyub. Allah insanın hacətini, dualarını o zaman qəbul edir ki, bəndəsi Rəbbinin təyin etdiyi qapı vasitəsi ilə ona yaxınlaşsın. İmam Rza(ə) buyurur: “Hər kim məni ziyarət edərsə, 3 yerdə onun ziyarətinə gələrəm. 1) insan qəbr evinə gedən zaman. 2) Əməllər kitabı paylanan zaman. 3) Sirat körpüsündə”.
Tədbirdə söz alan digər ruhani alim Hacı Zakir öz növbəsində bu gözəl gün münasibəti ilə Əhli-beyt sevərləri təbrik edib. Sözünə İmam Rza (ə)–dan olan hədislə
davam edib. İmam Rza (ə) buyurur: “ Allahın sevimli bəndəsinin beş xüsusiyyəti olar. İnsan yaxşı iş görməyə müvəffəq olmalı və özü sevinməlidir. Səhv və günah edərkən insan dərhal tövbə etməlidir. Üçüncü xüsusiyyət budur ki, insan hər zaman şükr etməyi bacarmalıdır. Kamil insanın dördüncü xüsusiyyəti budur ki, bəlaya düçar olarkən səbr etməyi bacarsın. Axırıncı xüsusiyyət isə ondan ibarətdir ki, insan ona pislik edəni bağışlayıb, yaxşılıq etməyi bacarmalıdır”.
Tədbirdə çıxış edən ilahiyyatçı alim Hacı Sərdar Hacıhəsənli bu cür gözəl bayram məclisini təşkil etdiyi üçün AİP-ə öz təşəkkürünü bildirib. Əhli-Beytin(ə) məqamından və pak şəxsiyyətindən söz açan Hacı Sərdar Həsənli qeyd edib ki, imamlar öz şiələri haqqında hər zaman mehribandırlar: “ Həm dünyada, həm də axirətdə lütfləri şiələrinin üzərindədir. Dünyada hidayətləri, axirətdə isə şəfaətləri şiələrlədir. İlahiyyatçı bildirib ki, bütün imamların həyatlarına nəzər yetirdikdə bir ümumi cəhəti görmək olur. Bu ortaq cəhət ondan ibarətdir ki, bütün imamlar insanları yalnışlıqdan-doğruluğa, zəlalətdən-hidayətə tərəf çəkiblər. İmamlar öz şiələrinin yalnış yolda olmasına heç vaxt icazə verməyiblər”.
Mövlud mərasimi “Mərhəmət” ilahi nəğmələr qrupunun çıxışları ilə davam etdi.