Arannews- ''İfadə azadlığını gerçəkləşdirməyə görə mühakimə edilən siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdır''
“Konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlayıb”.
Bu barədə “Sport for Rights”(Hüquqlar Naminə İdman) beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyasının bəyanatında deyilir.
Koalisiya xatırladır ki, avqustun 12-də tanınmış iqtisadçı, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, avqustun 13-də isə NİDA Vətəndaş Hərəkatının gənc fəalı Elgiz Qəhrəman, avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov həbs edilib, vətəndaş fəalı və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev saxlanılaraq cərimə edilib.
Koalisiya bu həbsləri siyasi motivli həbslər hesab edir və onların, eləcə də digər siyasi məhbusların – REAL Hərəkatının sədri İlqar Məmmədov, jurnalist Seymur Həzi, fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün çağırış edib.
”Bütün bunlar Azərbaycanda insan hüquqları ilə bağlı ümumi vəziyyətin ağır olması fonunda baş verir. KİV əvvəlki tək hakimiyyətin nəzarəti altındadır və tənqidçi jurnalistlər qorxu atmosferində fəaliyyət göstərirlər. Vətəndaş cəmiyyəti təzyiqlərə məruz qalır, müstəqil QHT-lər fəaliyyət göstərə bilmir”,- deyə bəyanatda qeyd olunur.
“Sport for Rights” Azərbaycan hakimiyyətini kobud və sistematik pozuntulara son qoymağa, ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri həyata keçirməyə, öz ifadə azadlığı hüququnu gerçəkləşdirməyə görə mühakimə edilən siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır”, - koalisiyanın bəyanatında deyilir.
Sözügedən bəyanatı koalisiyada təmsil olunan 20 təşkilat imzalayıb.