Rövşən Rzayev: "Ermənistan başa düşməlidir ki, o, Azərbaycanın ərazisini işğal etməyib. Sadəcə ərazilərimizi işğal edib onlara veriblər".
Arannews- Azərbaycan yaxın zamanlarda öz ərazi bütövlyünü bərpa edəcək.
Bunu Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın haqq səsi dünyaya kifayət qədər çatdırılır və Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyünün bərpası istiqamətində aparılan işlər öz həllini mütləq tapacaq:
"Dünayada gedən proseslərə nəzər salsaq, işğalçı Ermənistanın apardığı çirkin siyasət nəticəsində vəziyyət elə həddə gəlib çatıb ki, Azərbaycan artıq dünyada öz sözünü deyə bilir. Aprel hadisələri isə göstərdi ki, ermənilərin havadarları Ermənistana lazımi dəstəyi verməyəndə Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyi bacarır. Çünki Azərbaycanın Silahlı Qüvvələri artıq kifayət qədər inkişaf edib, güclənib.
Ümumiyyətlə, Ermənistan başa düşməlidir ki, o, Azərbaycanın ərazisini işğal etməyib. Sadəcə ərazilərimizi işğal edib onlara veriblər. Ermənistan Azərbaycana heç zaman layiqli rəqib olmayıb, ola da bilməz".
R.Rzayev bir daha qeyd edib ki, o, işğal olunmuş torpaqların azad edəcəyinə inanır: "Birmənalı əminəm ki, yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Azərbaycan öz istəyinə mütləq nail ola biləcək və mən inanıram ki, ərazi bütövlüyümüz təmin olunacaq".