Tarix : 2016 Aug 29
Kod 50133

İran və Azərbaycan balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalayacaq

İran balıqçılığın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.
Arannews- İran İslam Respublikası və Azərbaycan balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalayacaq.
Bunu İran kənd təsərrüfatı nazirinin müavini və ölkənin Balıqçılıq Təşkilatının sədri Həsən Salehi deyib.
H. Salehi bildirib ki, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında saziş imzalandıqdan və bu ölkələrin parlamentində təsdiqləndikdən sonra İran və Azərbaycan arasında balıqçılıq və Xəzərin su bioloji resursları sahəsində faydalı müzakirələr aparılıb: “Əldə olunan razılığa əsasən Azərbaycan və İran arasında balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalanacaq. İran balıqçılığın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir”.
H. Salehi qeyd edib ki, su resurslarının bərpası, balıq ovunun idarə edilməsi, nərəkimilərin yetişdirilməsi sahəsində təcrübə mübadiləsi və müştərək potensiallardan yararlanmaq İranın Azərbaycanla əməkdaşlıq etmək istədiyi önəmli sahələrdir. O, Xəzəryanı ölkələrin nərəkimilərin istehsalının artırılması sahəsindəki sazişin icrasına başladıqlarını söyləyib: “Ümid edirik ki, Xəzər dənizində bu dəyərli balıq növünün yaşadılmasına nail ola biləcəyik”.
H. Salehi Rusiyanın İranda balıqçılıq sahəsindəki investisiyalarından da danışıb: “Rusiya yaxın vaxtlarda İranın Astara və Qeşm bölgələrində balıqçılıq sahəsinə investisiya yatıracaq. Adları qeyd olunan bölgələrdə sərmayə yatırmağı Rusiyaya biz təklif etmişik. Bu ölkə təkliflərə baxır, tezliklə Rusiya balıqçılıq komitəsinin üzvləri İrana səfər edəcək və bu layihə icra olunacaq”.

  • Yazılıb
  • da (də) 2016 Aug 29
  • Göndərən مدير سايت Aran News