Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev xəstədir. Müalicə olunmalıdır
Arannews- Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.
"Şahbaz yaddan çıxdığını, heç kimin onunla maraqlanmadığını yazıb". Bu barədə azvision.az-a girovun ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə göndərilən məktubda Ş Quliyevin narahatlığı ifadə olunub:
"Şahbaz məktubunda hər kəsə salam söyləyib. Vəziyyətinin yaxşı olduğunu yazıb. Amma məktubun sonunda unudulduğunu qeyd edib. Şahbaz yaddan çıxdığını, heç kimin onunla maraqlanmadığını yazıb".
BQXK nümayələri tərəfindən Ş.Quliyevin yeni çəkilmiş fotosu ailə üzvlərinə göstərilib: "Şahbazı görəndə dəhşətə gəldik, tamam əldən düşüb. Şahbazı tanıya bilmədik, o qədər arıqlayıb ki, bir dəri, bir sümük qalıb. Şahbazın vəziyyətinə görə çox narahatıq. O, xəstədir. Müalicə olunmalıdır".
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.