Arannews- İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi bildirib: "İran Azərbaycan münasibətləri günü-gündən inkişaf edir. 2016-cı ilin 6 ayı ərzində ticarət dövriyyəsi 70% artıb. Bu müddət ərzində həm ixrac, həm də idxal artıb. Bu ilin 6 ayında Azərbaycanın İrana ixrac etdiyi məhsulların həcmi daha çox artıb. İlin sonuna kimi Azərbaycanın İrana ixrac etdiyi məhsullarının həcminin daha da artacağını gözləyirik. Biz iqtisadiyyat sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik.Sentyabrın 19-21-də Bakı Ekspo Mərkəzində "İran Proje-2016" neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə II ixtisaslaşmış sərgisi keçiriləcək.
İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib ki, sərgidə İran istehsalı olan və əsasən neft-kimya, neft-qaz, tikinti-inşaat, energetika, avtomobil istehsalı və qida sənayesi, kənd təsərrüfatı, su təchizatı, nəqliyyat və tibbi avadanlığı əhatə edən məhsullar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi iştirakçıları İranın bank, sığorta və turizm sistemindəki xidmətləri ilə yaxından tanış olacaqlar. Sərgidə 50-yə yaxın şirkət iştirak edəcək. Bundan başqa, sərgidə dövlət və özəl sektorun nümayəndələri, təşkilat və qurum rəhbərləri, iş adamlarının iştirakı gözlənilir. Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, nəticədə, iki ölkə arasında ticarət mübadiləsinin həcminin daha da artırılmasından ibarətdir".
Sərgi çərçivəsində sentyabrın 20-də Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Biznes-forumda İran və Azərbaycanın dövlət və özəl sektorunun nümayəndələri, iş adamları, şirkət rəhbərləri və istehsalçıları iştirak edəcəklər. Forumdan sonra ikitərəfli iqtisadi müzakirələr aparılacaq.
Biznes forumda İrandan 150, Azərbaycandan isə 300 iş adamının iştirakı gözlənilir.