İran səhiyyə nazirinin müavini: "Azərbaycan və Rusiya kimi ölkələrin bazarında olmaq üçün dərman istehsal edən şirkətlər daha çox sərmayə yatırmalıdır".
Arannews- İranın əczaçılıq üzrə “Təmin” investisiya şirkəti Azərbaycanda dərman istehsalı sahəsində sərmayə yatırmağı planlaşdırır.
Bunu İran səhiyyə nazirinin müavini, Ərzaq və qida təşkilatının sədri Rəsul Dinarvənd deyib.
“Hazırda Azərbaycanda qeydiyyata alınmış dərmanlarımız var. Azərbaycanda əczaçılıq sahəsində sərmayə yatırmağa çalışırıq. “Təmin” əczaçılıq üzrə investisiya holdinqi Azərbaycanda sərmayə yatıracaq. Bu holdinqə bağlı olan “Darupexş” şirkəti hazırda Bakıda fəaliyyət göstərir”, - deyə o vurğulayıb.
R. Dinarvənd bildirib ki, İranda 3 milyard dollar dəyərində dərman vasitələri istehsal olunur: “Bu sahədə 100 şirkət çalışır. Düşünürük ki, region ölkələrinin bazarlarında yer almaq üçün bu şirkətləri birləşdirmək lazımdır. Beləliklə bir neçə böyük şirkət yaranacaq və daha güclü fəaliyyət göstərəcək. Azərbaycan və Rusiya kimi ölkələrin bazarında olmaq üçün dərman istehsal edən şirkətlər daha çox sərmayə yatırmalıdır”.