Arannews- Müsavat Partiyasının üzvləri mitinqə hazırlaşsınlar.
bunu Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib.
O xatırladıb ki, bir müddət əvvəl Milli Şura sentyabrın 26-na təyin edilən referendumu müzakirə edərək mitinqlərin keçirilməsi barədə qərar qəbul edib: "Əvvəlcədən bəlli idi ki, Milli Şura bir neçə mitinq keçirəcək. Biz bir mitinqlə kifayətlənə bilmərik. Referenduma qədər, yəni sentyabrın 25-dək mitinq keçirməyi planlaşdırmışıq. Müsavat Partiyası da sentyabrın 18-nə mitinq təyin etdi. Biz də sentyabrın 18-nə mitinq təyin etməyi doğru hesab etmədik. Ona görə də mitinqi sentyabrın 17-də keçirmək qərarına gəldik. Bakı Şəhər İcra Hakimiyyətinə bununla bağlı müraciət də etmişik. Sadəcə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdikdən sonra aksiyanı sentyabrın 11-də keçirilən mitinqdə iştirakçılarla razılaşdırmaq barədə qərar qəbul etmişdik. Belə də oldu".
AXCP sədrinin müavini qeyd edib ki, Milli Şuranın keçirəcəyi mitinqlər kiminsə aksiyalarına əngəl törədə bilməz: "Yəni, digər təşkilatlar da mitinq keçirsələr, yaxşı olar. Amma bu, o anlama gəlməməlidir ki, Milli Şura qərar verərkən Müsavat Partiyasının sentyabrın 18-nə mitinq təyin etdiyini nəzərə almalı idi. Milli Şura qərarlarını sərbəst verir. Biz qərar verərkən digər təşkilatlarla məsləhətləşməmişik".
Qeyd edək ki, Milli Şura sentyabrın 11-də mitinq keçirib. Həmin mitinqdə sentyabrın 17-də də növbəti aksiyanın keçiriləcəyi elan edilib. Müsavat Partiyası da sentyabrın 18-nə mitinq təyin edib.