İran Parlamentinin Sədri-nin müşaviri Səudiyyə Ərəbistanında fars dilində yayıma başlayan Həcc kanalının dini məsələlərdən başqa, fərqli məqsədlər daşıdığını qeyd edib.
"AranNews"-un verdiyi xəbərə görə, İran Parlamentinin Sədri Əli Laricaninin müşaviri Hüseyn Şeyxülislam Səudiyyə Ərəbistanında fars dilində yayıma başlayan Həcc kanalının dini məsələlərdən başqa, fərqli məqsədlər daşıdığını qeyd edib. Səudiyyə Ərəbistanı mədəniyyət və mətbuat naziri Adil ibn Zeyd ət-Tarifi kanalın Həcc mesajını və İslami dəyərləri hacılar və dünyanın müxtəlif ölkələrində fars dilində danışan insanlara çatdırmağı qarşısına məqsəd qoyduğunu bildirmişdi.
Səudiyyə Ərəbistandakı monarxiya sisteminin vahhabizm və terror ideologiyası üzərində qurulmuş olduğu fikrini müdafiə edən Şeyxülislam "Bu ideologiyanın yayılması üçün başda Mədinə olmaqla, dünya üzrə çox sayda mədrəsə, ali təhsil müəssisələri açılıb. Televiziya da bu məqsədə xidmət edəcək", - deyib. "İran regionun ən təhlükəsiz ölkəsidir. Son illərdə ölkədə bir terror hücumu belə həyata keçirilə və vəhhabi ideologiyası yayıla bilməyib", - deyə sözlərinə davam edən Şeyxülislam Səudiyyə Ərəbistanının fars dilində yayımı vəhhabi ideologiyasını yaymq üçün yaratdığını vurğulayıb.
Riyadın həmləsinin çox təhlükəli olduğunu da qeyd edən Şeyxülislam farca yayımın yalnız İran üçün deyil, bölgədəki bütün fars dilində danışan ölkələr üçün böyük bir təhlükə yaratdığını vurğulayıb. /Sputnik/